25 Sentyabr 2017 22:37 Təkamülçülərə cavab

Təkamülçü ekoloq Elçin Sultanovun təkamül fərziyyəsini qərəzli təbliğat üsullarına cavab

Azərbaycanlı ornitoloq və ekoloq Elçin Sultanov 12 sentyabr, 2017-ci il tarixində modern.az saytına verdiyi müsahibəsində oxucuya, sanki təkamül fərziyyəsini düşdüyü dərin quyudan çıxartmağa çalışırmış kimi bir təəssürat bağışlayır. Bunun səbəbi bu gün Azərbaycanda təkamül dininin elmi, fikri üsullarla süpürülüb atılmış olmasıdır. Elçin Sultanov və digərlərinin bu son cəhdləri isə təkamül dininin qarşısıalınmaz sonunu dəyişməyəcəkdir.

Əvvəlcə, müsahibə üçün seçilmiş sərlövhəyə nəzər salaq: “Ancaq kəmsavad adamlar təkamülü inkar edə bilər”. Belə bir dözümsüz və ehkamçı başlığın seçilməsi isə heç də təəccüblü deyildir. Çünki bu, qərəzsiz bir jurnalistin obyektiv bir alimdən aldığı müsahibə deyil. Hər iki müsahib – Elçin Sultanov da, jurnalist Aqşin Kərimov da materialist mövqedə duran insanlardır. Ona görə daha doğru olardı ki, bu müsahibəni belə adlandıraq: “iki ateistin söhbəti”. Doğrudan da mı, “ancaq kəmsavad adamlar” təkamül fərziyyəsini inkar edə, ona qarşı çıxa bilərlər? Bunu iddia edən bir insan, həmçinin aşağıda adlarını sadaladığımız görkəmli alimləri də “kəmsavad” adlandırır (!):

    Paleontologiya elminin atası sayılan Jorj Küvye
    Müasir geologiyanın banilərindən biri olan Adam Secvik
    Enerji vahidi “coul”un onun adını daşıdığı fizik Ceyms P.Coul
    Patologiya elminin atası Rudolf Virxov
    Hidromexanika elminin banisi Corc Q.Stoks
    Genetikanın atası Qreqor Mendel
    Bakteriologiya və immunologiyanın atası Lui Paster
    Entomologiya elminin banisi Jan Anri Fabr və i.a.

Bu və burada adlarını sadalamadığımız hələ bir çox dünya miqyaslı alimlər təkamül fərziyyəsini inkar etmiş, bəziləri hətta ona qarşı ideoloji mübarizə aparmışlar. Müasir dövrdə isə təkamül dininə qarşı çıxan, Yaradılışı qəbul edən alimlərin sayı getdikcə artır. Bunu əyani şəkildə görmək üçün A Scientific Dissent from Darwinism (“Darvinizmə elmi müxalifət”) layihəsinə nəzər salmaq kifayət edər. Bu layihə “təsadüfi mutasiyalar və təbii seçmənin həyatın kompleksliyini izah edə bilməyəcəyi”nə qənaət gətirən yüzlərlə bioloq, kimyaçı və digər dəqiq elmlər üzrə fəlsəfə doktorlarının imzasını toplamışdır və toplamağa davam edir. Dünyanın ən nüfuzlu universitetlərinin akademik və professorlarını da ehtiva edən “Darvinizmə elmi müxalifət” siyahısı təkamülün heç də danılmaz elmi fakt olmadığını bir daha sübut edir.

Belə olduğu halda, Elçin Sultanovun dilə gətirdiyi və müsahibəyə başlıq kimi seçilən bu təhqiramiz ifadənin necə mənasız olduğu aydın olur.

E.Sultanov öz mülahizələrinə qəribə bir girişlə başlayır: “Demək olar ki, müasir təkamül təlimi də quşların üzərində qurulub”. Öz ixtisası ilə təkamül fərziyyəsini qaynaq etməyə çalışan Sultanov məşhur təkamülçülər olan Alfred R.Uolles və Ernst Mayrın da ornitoloq (quşları öyrənən alim) olduğunu, beləcə, bu sahənin təkamülə möhkəm dayaq təşkil etdiyini iddia edir. Bəs, həqiqətən də mi, quşları öyrənən elm təkamülə əsas verir? Tam əksinə. Ornitologiya təkamül fərziyyəsini təkzib edən, onu əsassız hala gətirən başlıca elm sahələrindən biridir. İstər Yerin geoloji tarixi boyunca qarşılaşdığımız qədim quşlar, istərsə də bu gün yaşayan və təxminən 40 dəstədə təsnif edilən 10.000 müxtəlif quş növü təkamül inancını çıxılmaz vəziyyətdə qoyur. İlk quşlar geoloji laylarda heç bir əcdada malik olmadan, birdən-birə, tam mükəmməl uçuş qabiliyyətinə sahib halda üzə çıxırlar: bunlar hər biri 160 milyon il yaşında olan Aurornis, Anchiornis adlı quşlar və 150 milyon il yaşındakı məşhur quş fosili arxeopteriksdir. Onlar təkamülçülərin iddia etdiklərinin əksinə, sürünənlərdən tədricən quşa çevrilən, hələ uçmağı bacarmayan, natamam, yarımsürünən–yarımquş məxluqlar deyil. Bunlar bütün anatomik xüsusiyyətləri və mükəmməl uçuş qabiliyyətləri ilə əsl quşlardır. Bu fakt “təkamül təliminin quşların üzərində qurulması” kimi pafoslu bir iddianı birbaşa təkzib edir.

Quşların bütün ecazkar xüsusiyyətləri içində, əlbəttə ki, ən diqqət çəkəni mükəmməl uçuş qabiliyyətləridir. Uçuşa imkan verən çoxsaylı amillərdən təkcə lələklərin quruluşuna diqqət yetirmək isə təkamül təlimini çıxılmaz vəziyyətə salmağa bəs edir. Quş lələklərində heç bir təkamül xarakterli proseslə açıqlanmayacaq qədər kompleks yaradılış var. Lələklərin ortasında hamımıza məlum olan uzun və sərt boru yerləşir. Bu borunun hər iki tərəfindən yüzlərlə lələkcik çıxır. Uzunluqları və yumşaqlıqları fərqli olan bu lələklər quşa aerodinamik xüsusiyyət qazandırır. Ancaq daha da maraqlısı budur ki, bu lələklərin hər birinin üzərində də “saqqalcıq” adlanan və gözlə görünməyən çox kiçik tüklər var. Bu saqqalcıqların üzərində isə “qarmaqcıq” adlandırılan kiçik qarmaqlar var. Bu qarmaqcıqlar sayəsində hər saqqalcıq bir-birinə sanki zəncirbənd kimi bağlanmışdır.

Durnanın bircə lələyinin üzərində lələk borusunun hər iki tərəfindən uzanan 650 dənə incə tükcük var. Bunların hər birində isə 600 ədəd qarşılıqlı saqqalcıq yerləşir. Bu saqqalcıqların hər biri isə 390 dənə qarmaqcıqla bir-birinə bağlanır. Qarmaqcıqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə bağlanmışdır. Qarmaqcıqlar hər hansı şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya daha çətin hallarda dimdiyi ilə lələklərini düzəltməsi lələklərin normal şəklə düşməsi üçün kifayətdir.

Lələklərin bu kompleks quruluşunun təsadüfi mutasiyalar nəticəsində sürünən pulcuğundan təkamüllə əmələ gəldiyini müdafiə etmək heç bir elmi əsası olmayan ehkamçı inancdan başqa bir şey deyil. Belə ki, neodarvinizmin dualistlərindən biri olan və Elçin Sultanovun da tez-tez istinad etdiyi təkamülçü Ernst Mayr bu mövzuda illər əvvəl belə bir etiraf etmişdir:

    “Hərçənd bu da etiraf edilməlidir ki, müəyyən duyğu orqanları kimi həssas tarazlıqdakı sistemlərin (onurğalıların gözü və ya quşun lələyi kimi) təsadüfi mutasiyalar yoluyla törədiyini zənn etmək insanın sadəlöhvlüyünü açıq-aşkar istismar etmək deməkdir”.1

Lələklərdəki bu yaradılış Çarlz Darvini də çox düşündürmüş, hətta tovuzquşu lələklərindəki mükəmməl estetika, öz ifadəsilə, Darvini “dilxor etmişdir”. Darvin dostu Eysa Qreyə yazdığı 3 aprel 1860-cı il tarixli məktubunda: “Göz haqqında düşünməyin məni büsbütün titrətməyə tutduğu vaxtları yaxşı xatırlayıram, amma bu şikayət dövrünün öhdəsindən gəldim”, – dedikdən sonra belə davam edir: “İndi isə sistemdəki bəzi kiçik, xırda-para təfərrüatlar mənə narahatçılıq verir. Bir tovuzquşunun quyruğundakı lələyin görünüşü, nə vaxt nəzər salsam, məni dilxor edir!”2

Xülasə etsək, quş lələkləri ilə sürünən pulcuqları arasındakı böyük quruluş fərqləri və quş lələklərinin həddindən artıq kompleks quruluşu lələklərin pulcuqlardan təkamül yolu ilə əmələ gəlməsi iddiasını tamamilə əsassız edir.

İqtibaslar:

1.    Ernst Mayr, “Systematics and the Origin of Species, from the Viewpoint of a Zoologist”, New York: Dove Press, 1964, səh. 296.
 2.   Ç. Darvinin dostu Eysa Qreyə 3 aprel, 1860-cı il tarixli məktubundan.



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.