Təkamülçülərin gözləmədiyi onurğalılar!
Onurğalılar onurğa, onurğa sütunu, sümük və ya qığırdaqdan təşkil olunmuş skeleti, kəllə qutusunun içində yerləşən beyni, qapalı qan dövranı, iki, üç və ya dörd kameradan ibarət ürəyi olan canlılardır. Onurğalılar balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər olaraq 5 sinifdən təşkil olunublar. Planetimizdə geniş yayılıblar və kompleks orqanları var.
Onurğalılar xordalılar tipinə daxil olan yarımsinifdir. Xordalılar tipinə daxil olan canlıların “xorda” adlanan sinir borusu var. Bunlardan bəziləri onurğalı, bəziləri isə onurğasızdır. Onurğalılarla bağlı fosil qeydlərində uzun illər Kembri nümunələri olmayıb. Bu səbəbdən ilk onurğalı nümunələrinin ən qədim onurğalı fosillərinin tapıldığı Devon dövrünə aid olduğu qəbul edilmişdir.
Təkamülçü paleontoloqlar onurğalıların digər əsas qruplarla müqayisədə daha gec ortaya çıxdığını düşünürdülər. Bunun səbəbi onurğalıların həddindən artıq kompleks olması idi. İnsanın da aid olduğu bu kompleks qrupun mərhələli və nisbətən gec ortaya çıxdığını iddia edən təkamülçülər Kembri süxurlarında onurğalılara aid qalıq olmamasını uzun illər təbliğat vasitəsi kimi istifadə etmişdilər. Təkamülçü paleontoloq Stiven C. Quldun (Stephen J. Gould) da qəbul etdiyi kimi, darvinist dərsliklər Kembridə onurğalılara aid hər hansı dəlil tapılmamasını xüsusilə ön plana çıxarıb vurğulamışdılar. Bunu Kembri süxurlarının Darvinin təkamül nəzəriyyəsini təsdiqlədiyi kimi qələmə vermişdilər. Təkamülçülər onurğalıların təkamülü ssenarilərində Kembri xordalısı olan Pikaia-nın bütün onurğalıların əcdadı olduğunu irəli sürmüşdülər.
Ancaq bu iddialarının əsassız olduğunu qısa müddətdə gördülər.
Çindəki Kembri yataqlarında davam etdirilən qazıntı işləri təkamülçülərin onurğalılarla bağlı hekayələrini alt-üst edən nəticələr ortaya qoymuşdur. Nankin Paleontologiya və Geologiya İnstitutunun professoru Çjun Yuan Çen (Jun-Yuan Chen) və tədqiqat qrupu tərəfindən bu qazıntılarda üzə çıxarılan Haikouella adlanan xordalının beyini, ürək-damar sistemi, qəlsəmələri, xordası, tam əzələ quruluşu və ehtimal ki, bir cüt gözü var. Elmi yazıçı Fred Hiren (Fred Heeren) Haikouella-nın təkamülçülərin Pikaia ilə bağlı ümidlərinə zidd nəticələr ortaya qoyduğunu belə izah edir:
Bioloq (Çen) Orta Kembri dövründən olan və əvvəllər dünyanın ən qədim xordalısı dərəcəsinə qaldırılanPikaia(neştərçə) adlı canlının ibtidai əcdadı olan canlı görməyə ümid bəsləyirdi. Ancaq Çen Pikaia-nın daha az kompleks əcdadı olduğuna dəlil tapmadı, bunun əvəzinə bir çox onurğalı xassəsi daşıyan və 15 milyon il daha yaşlı olan bir xordalı tapdı.1
Pikaia
Beləcə, təkamülçülər onilliklər boyu dərsliklərdə onurğalıların atası kimi qələmə verdikləri Pikaia-dan əl çəkməli oldular. Çünki ilk xordalının çox mükəmməl anatomiyasının olması, üstəlik, Pikaia-dan 15 milyon il əvvəl yaşaması təkamül nəzəriyyəsinin iddialarını alt-üst edən həqiqət kimi qarşılarına çıxmışdır. Beləcə, onurğalıların təkamülü ssenarisi bu qrupun xəyali əcdadının sıradan çıxması ilə zərbə almışdır. Ancaq əsl zərbəni Kembri dövründə onurğalıların da yaşadığını göstərən tapıntılar vurmuşdur.
Həmin tapıntılar Çinin Yunnan əyalətinin mərkəzi olan Kunminin yaxınlığındakı Haykouda tapılan 530 milyon il əvvələ aid fosilləşmiş balığın qalıqları idi. Bu qalıqlar təkamülçü elm adamları üçün həqiqi mənada zərbə idi. Çinli, ingilis, fransız və yapon elm adamlarının tədqiqatları bu canlının onurğalı olduğunu göstərirdi. Canlının kəlləsi və onurğası ilə bağlı bütün təfərrüatlar fosil qalıqlarında görünürdü. Kəlləsindən çıxan kiçik paylar şəklindəki çıxıntılar, göz və burun kisələri canlının xüsusiyyətləri ilə bağlı hərtərəfli məlumat verirdi.2 Onurğalı xüsusiyyəti daşıyan bir çox detal elm adamlarının gözü qarşısında idi. Üstəlik, 530 milyon il əvvələ aid fosil nümunəsində…3
Kembri dövrünə aid onurğalı Haikouichthys balığı və onun fosili
Bu balığın adı Haikouichthys-dir. Elm adamları həmin canlının qəlsəmələri və miotom adlanan əzələlərinin düzülüş xüsusiyyətlərinə görə balıq olduğu fikrindədirlər. Çünki bu xüsusiyyətlər ancaq balıqlara xasdır.4 Habelə, Haikouichtys Kembriyə aid yeganə balıq fosili deyil. Çenqcianqda Myllokunmingia adlı başqa balıq fosili də əldə edilmişdir. Parisdəki Milli Təbiət Tarixi Muzeyindən paleontoloq Filip Janvye (Philippe Janvier) bunların “dəqiq onurğalı” olduğunu bildirir və əhəmiyyətini belə izah edir:
Bunlar vacibdir, çünki indiyə qədər onurğalılar həyatın Biq Bənqi adlandırdığımız, fosil qeydlərində bütün əsas heyvan qruplarının ani ortaya çıxdığı qədim, lakin böyük Kembri partlayışında yox idilər. Qəti surətdə deyə bilərik ki, bunlar onurğalıdırlar.5
Kembri dövrünə aid Çenqcianq yatağında tapılmış digər onurğalı və onun fosili Myllokunmingia balığı
Təkamül nəzəriyyəsi canlıların mərhələli inkişaf ilə əmələ gəldiyini, bu səbəbdən canlılardakı kompleks quruluşların ancaq xəyali təkamül prosesinin sonunda ortaya çıxdığını iddia edir. Kembri xordalısı Haikouellailə Kembri balıqları Haikouichthys və Myllokunmingia bu cəhətdən təkamül nəzəriyyəsi üçün çox böyük problem yaradıblar. Çünki bu canlılar xordalıların təkamülü ssenarisi üçün lazım olan zamandan 15 milyon, balıqların təkamülü ssenarisindən isə 50 milyon il “azaldıblar”. Beləcə, təkamül ssenarilərinin başlanğıc dövrü heyvanların ani ortaya çıxmasına gəlib çatmış, bu canlıların təkamül keçirməsi üçün irəli sürülən müddət sıfıra enmişdir.
Əlbəttə, bu kəşflər təkamülçülərin təəccübünə səbəb olmuşdur. Onurğalıların Kembri dövründə ani ortaya çıxması açıqlanmalıdır. Bu vəziyyət onlar üçün onsuz da suallarla dolu olan Kembri dövrü probleminə əlavə olunmuş ən böyük problemlərdəndir. Artıq təkamülçülərin böyük əksəriyyəti indiyə qədər iddia etdikləri onurğalıların mənşəyi ssenarilərini yavaş-yavaş bir kənara qoymağa və bu mövzuya cavab tapmadıqlarını qəbul etməyə məcbur olublar.
Kembri süxurları araşdırıldıqca daima yeni quruluş xüsusiyyətləri üzə çıxarırdılar. Məlum olan canlı müxtəlifliyini zənginləşdirən və “ortaq əcdad” kimi əsassız iddiaları tamamilə aradan qaldıran mühüm nümunələr ortaya qoydular. Görünüşləri və həyat tərzləri daha əvvəl heç bilinməyən bu canlıların varlığı Kembri canlılarının necə ortaya çıxdıqlarına açıqlama axtaran təkamülçülərə böyük çətinlik yaratdı.
Təkamülçü Con Meynard Smit (John Maynard Smith) bu müxtəlifliyin hədlərini kitabında belə açıqlamışdır:
Burqes Şeyl fosilləri təqribən 50 ildir məlum idi. Ancaq son dövrlərdə yenidən tədqiq edildilər. Kembri dövründə müxtəlif formaların mövcud olduğu və bunların bəzilərinin dövrümüzdə mövcud olan hər şeydən fərqli olaraq tamamilə əsas bədən quruluşları ilə bir-birlərindən fərqləndikləri bu gün aşkar həqiqətdir. Eyni zamanda hal-hazırda mövcud olan bütün formalar, kiçik istisnalar xaric, Kembridə tam şəkildə mövcud olublar.6
Amerika Təbiət Tarixi Muzeyinin (American Museum of Natural History) paleontoloqlarından təkamülçü Nils Eldric (Niles Eldredge) isə bu mükəmməl müxtəlifliyi aşağıdakı sözlərlə ifadə etmiş və hadisənin qeyri-adiliyini etiraf etməli olmuşdur:
(Ediakar dövründən) Sonra partlayış kimi bir şey baş verir. Təqribən altı yüz milyon il əvvəl başlayır və on-on beş milyon il boyu davam edir. Dövrümüzün dənizlərində hələ də mövcud olan heyvanların ən əsas növlərinin məlum olan ilk təmsilçiləri ani surətdə üzə çıxırlar. Bu, daha çox süxurlardan alınan nümunələrdə qrafik şəkildə üzə çıxan müddəti uzanmış hadisədir: dünyanın hər yerində, demək olar ki, eyni dövrdə süxurların qalın laylarında asanlıqla müəyyən edilən fosillərin, qabıqlı onurğasızların mükəmməl növlərinin olduğu çöküntülərlə örtülmüş şəkildə. Bunlar trilobitlər, çiyinayaqlılar (qabıqları bığcıqlarına yaxın yerləşən onurğasız heyvanlar), molyusklardır. Müasir okeanlarda gördüyümüz bərk qabıqlı onurğasızların bütün tipik formaları... altı yüz milyon il əvvəlki dənizlərdə mövcud idi.
Eldric bunun təkamülə dəlil vermək əvəzinə yaradılış lehinə kəşf olduğunu bildirdikdən sonra sözlərinə belə davam edir:
Həqiqətən də, geoloqların Kembri dövrünün əvvəli kimi səciyyələndirdikləri çox çeşidli, yaxşı qorunmuş fosil növlərinin ani ortaya çıxması təsirli intellektual meydan oxumadır.7
“New Scientist” jurnalının 18 oktyabr 1997-ci il tarixli buraxılışındakı məqaləsində Bob Holms (Bob Holmes) da Kembri reallığını bu şəkildə təsvir etmişdir:
Şüşə göydələnlər, qotik üslubunda kilsələr, Kral Corc dövrünün verandaları, Şinto məbədləri, Viktorian üslubunda dəmiryolu stansiyaları, bauhauzlar, eskimo evləri, Tüdor dövrünün modelləri... İnsan hünəri olan bütün bu memarlıq üslublarının 15-ci əsrin ortalarında 35 illik zaman ərzində dizayn olunduğunu təsəvvür edin. Bu, ümumi mənada paleontoloqların Kembri partlayısı ilə bağlı hiss etdikləri şeydir.
Sadəcə 35 milyon il ərzində təkamül üçün bir göz qırpımına bərabər zamanda heyvanlar planetin daha əvvəl gördüyü və ondan bəri görəcəyi hər şeyi kölgədə qoyan kəşfin baş verdiyi partlayışla ortaya çıxmışdır.8
“Planetin gördüyü və görəcəyi kəşf” ifadəsi həqiqətən də Kembri partlayışını çox yaxşı təsvir edir. Çünki yer üzündəki ən kompleks varlıq aləmi olan canlılar dünyası bu kompleksliyin saysız-hesabsız xüsusiyyətini sənət əsəri şəklində nümayiş etdirərək ani ortaya çıxmışdır. Kembri partlayışı heç bir canlının (bəzi bakteriyalar və digər birhüceyrəlilər istisna olmaqla) mövcud olmadığı dövrdə hər şeyin ani ortaya çıxdığı andır. Ortaya çıxan əsərlər, şübhəsiz ki, tarixi binalarla, nəhəng göydələnlərlə müqayisə edilməyəcək qədər möhtəşəmdir. Bu qeyri-adi müxtəliflik, əlbəttə, darvinistlərin iddia etdiyi kimi şüursuz təsadüflərin məhsulu deyil.
Kompleks sistem nədir?
İlk dəfə Kembri canlılarında ortaya çıxan göz, bığcıq, ayaq, ağız, mədə kimi kompleks orqanlar eyni zamanda kompleks sistemlərdir. Canlıların ayrılmaz hissəsi olan kompleks sistemlərin əsas xüsusiyyətləri var.
Kompleks sistemin mənası budur: kompleks sistem bir-biri ilə əlaqədə olan çoxlu sayda kiçik hissədən təşkil olunur. Eyni zamanda bu sistem ətrafındakı orqanlarla da daima mübadilə aparır. Kompleks sistemi meydana gətirən hissələr bir-birləri ilə daima əlaqədə olur və kompleks sistemin funksiyasını yerinə yetirməsi üçün təkcə bir hissənin işləməsi kifayət etmir. Bütün hissələr bu uyğunluğun və qarşılıqlı əlaqənin tələb etdiyi şəkildə eyni anda, qüsursuz funksiya yerinə yetirməlidirlər.
Kompleks quruluşa gözü nümunə göstərə bilərik: göz bir çox hissədən təşkil olunmuşdur. Bu hissələrin hər biri bir-biri ilə əlaqədədir. Gözün hissələri görmə prosesini yerinə yetirən xüsusiyyətlərə malik deyillər. Gözün görməsi üçün bütün hissələr funksiyalarını eyni anda qüsursuz yerinə yetirməlidirlər.
Göz nümunəsi vasitəsilə izah etdiyimiz komplekslik canlı formalarının bircə hüceyrəsində, hətta hüceyrənin zülalı səviyyəsində belə özünü göstərir. Bu həqiqət darvinizmin “təsadüfi kiçik dəyişikliklər” iddiasının qarşısında duran ən böyük maneədir. Çünki, məlum olduğu kimi, təsadüfi təsirlər daima məhvedici olur. Kompleks sistemə təsir edən hər hansı təsadüfi mutasiya onun bir hissəsini belə dağıtsa, sistem tam mənada çökər. Nəticə etibarilə bu, gözün bütün sisteminə təsir edər. Radionun məruz qaldığı həddindən artıq cərəyan onu xarab edər. Heç bir ağıllı insan bu cərəyanın radionu televizora çevirəcəyini gözləməz. Ona görə gözün məruz qaldığı təsadüfi təsir də onu mütləq məhv edər. Burada bu həqiqəti xatırlatmaqda fayda var: təsadüf adlanan hadisələri də yaradan Allahdır. Ona görə baş verən hadisə Allahın qədərdə müəyyən etdiyi planlı hadisədir. Ancaq bəzi insanlar bunu təsadüf adlandırırlar. Təsadüf adlanan hadisə Allahdan müstəqil deyil. Məsələn, bir yığın kağızı yerə tulladıqda hər bir kağız kortəbii şəkildə müəyyən yerə düşəcək. Proses təsadüf adlandırıla bilər, ancaq əslində hər bir kağızın düşdüyü yer Allah dərgahında bəllidir. Hər hansı mutasiyanın baş verməsi də təsadüfi adlandırılır. Ancaq bu mutasiyanı da, onun mənfi təsirini də yaradan Allahdır. Kompleks sistemlər təsadüfi təsirlər nəticəsində məhv olurlar. Darvinist filosof Deniel Dennet (Daniel C. Dennett) bunu belə qəbul edir və təsvir edir:
Milyardlarla hüceyrədən meydana gəlirik və bir insan hüceyrəsi öz-özlüyündə mühəndislərin istehsal qabiliyyətindən daha yüksək səviyyədə kompleks mexanizmlərə malikdir.9
Ona görə kompleks sistemlər təsadüfi dəyişikliklər deyil, onları Allah yaratmışdır. Molekulyar bioloq Maykl Denton saatı misal verərək bunu belə izah edir:
Saat və ya canlı sistem kimi kompleks formalarda bütün hissələr həssas şəkildə bir-birləri ilə bütünləşmiş vəziyyətdədir. Belə sistemlərdə dəyişiklik etmək mürəkkəbdir, çünki hər hissə bütün digər funksional hissələrlə uyğun olmalıdır. Hər hansı əhəmiyyətsiz dəyişikliyin bir-birilə qarşılıqlı əlaqədə olan bir çox sistemdə şüurlu şəkildə istiqamətləndirilmiş, düzəldici dəyişikliyə səbəb olması labüddür. Dolayısı ilə, bir-birindən asılı olmayan dəyişikliklər vasitəsilə istiqamətləndirilməmiş təkamülün canlı orqanizm kimi kompleks sistemdə köklü yeni dizaynı necə əmələ gətirdiyini anlamaq çətindir. Viruslardan məməlilərə qədər canlılarda köklü dəyişikliklər edilməsinə bu tamamlanmış komplekslik mühüm maneə təşkil edir.10
“Kompleks sistemi təşkil edən hissələrin bir-birlərilə həssas şəkildə bütünləşməsi” həqiqəti dövrümüzdə olduğu kimi heyvanların tarixinin ən erkən dövründə də eynilə qarşımıza çıxır.
İlk kompleks canlılar
Darvinist nəzəriyyə cəhətindən baxdıqda Kembri dövrü bioloji komplekslik səviyyəsi üçün həddindən artıq “erkən” sayıla bilər. Çünki darvinist nəzəriyyə canlıların kompleks quruluşlarını uzun zaman kəsiklərində mərhələli şəkildə qazandığını iddia edir. Buna əsasən canlılar xəyali təkamül tarixinin əvvəlində ibtidai xüsusiyyətlərə malik olmalı, kompleks xüsusiyyətlər ancaq uzun təkamül prosesindən sonra qazanılmalıdır.
Halbuki canlıların tarixi bunun əksini göstərən mənzərə ortaya qoyur. İlk canlılar dövrümüzün canlıları ilə eyni bədən quruluşuna, göz, bığcıq, ayaq, ağız, mədə kimi kompleks orqanlara malikdirlər. Ona görə komplekslik heyvanların tarixində “gec” deyil, “erkən” xüsusiyyətdir. Daha doğru desək, komplekslik başlanğıcda da var idi. Şübhəsiz ki, bu, darvinistlər üçün böyük tapmacadır. Marşal Key (Marshall Kay) və Edvin H. Kolbert (Edwin H. Colbert) adlı təkamülçü tədqiqatçılar bu mövzunun çox dolaşıq olduğunu belə ifadə etmişdirlər:
Trilobitlər kimi buğumayaqlıların kompleks formalarının da mövcud olduğu erkən Kembridə müxtəlif orqanizmlərin başlanğıcı təəccüblüdür... Əgər bu canlılar ibtidai olsaydılar, qeydlərdə çoxlu miqdarda orqanizmlərin üzə çıxması təəccüblü olmayacaqdı. Nə üçün bu cür kompleks üzvi formalar 600 milyon il əvvəlki süxurlarda üzə çıxır və sonra yox olurlar və iki milyard il əvvələ aid qeydlərdə tapılmırlar?.. Əgər həyatın təkamülü baş veribsə, Kembridən daha qədim süxurların içində olmalı fosillərin yoxluğu dolaşıqdır.11
Bu təkamülçü tədqiqatçıların tapmaca deyərək ört-basdır etməyə çalışdığı həqiqət budur: bütün bu orqanların dövrümüzdən yüz milyon illər əvvəl bir anda ortaya çıxması darvinizmi əsassız edir. Erkən kompleksliklərin darvinizmə təsirinin nə üçün belə məhvedici olduğunu göstərmək baxımından Kembri ekosistemlərindəki komplekslikləri nümunə vermək, bunları Kembridən əvvəlki kompleksliklə müqayisə etmək və erkən kompleks canlılardan trilobiti və mükəmməl gözünü tanıtmaq faydalı olar.
- Fred Heeren, “A little fish challenges a giant of science”, The Boston Globe, 30 Mayıs 2000, s. E1
- http://www.nature.com/nature/journal/ v383/n6603/abs/383810a0.html
- http://www.china.org.cn/english/culture/54836.htm
- http://news.bbc.co.uk/1/hi/sci/tech/504776.stm
- Richard Monastersky, Waking Up to the Dawn of Vertebrates, Science News, Vol. 156, No. 19, 6 Kasım 1999, s. 292
- John Maynard Smith, The Evolution, Cambridge University Press, 2000, s.19
- Duane T. Gish, Evolution: The Fossils Still Say No!, Institude of Creation Research, California, 1985, s. 66
- http://www.newscientist.com/article.ns?id=mg15621045.100
- Masao Ito, Yasushi Miyashita, Edmund T. Rolls, “Cognition, Computation and Consciousness”, Oxford University Press, 1997, s. 21
- Michael Denton, Nature’s Destiny, Free Press,1998, s. 321
- Marshall Kay ve Edwin H. Colbert, Stratigraphy and Life History, 1965, sayı 736, s.102-10