TƏKAMÜL NƏZƏRİYYƏSİ VƏ ENTROPİYA QANUNU
Fizikanın ən əsas qanunlarından biri olan termodinamikanın ikinci qanunu kainatda təbii amillərin təsirinə məruz qalan bütün sistemlərin zaman keçdikcə dağılıb məhv olduğunu söyləyir. Canlı-cansız hər şey zaman keçdikcə aşınır, çürüyür, parçalanır, dağılır və məhv olur. Bu, gec-tez hər varlığın qarşılaşacağı mütləq sondur və həmin qanuna əsasən, bu prosesdən qaçış yoxdur.
Bu hər kəsin həyatı boyunca müşahidə etdiyi haldır. Məsələn, bir avtomobili səhraya aparıb qoysanız və bir neçə ay sonra gedib baxsanız, əlbəttə ki, onun əvvəlkindən daha təkmil, daha yaxşı formaya düşdüyünü görməzsiniz. Əksinə, şinlərinin partladığını, şüşələrinin qırıldığını, kapotunun paslandığını, motorunun çürüdüyünü görəcəksiniz. Eyni proses canlı varlıqlarda daha sürətlə baş verir.
Termodinamikanın ikinci qanunu bu təbii prosesin fiziki düstur və hesablamalarla ifadə edilmə formasıdır.
Bu məşhur fikiza qanunu entropiya qanunu olaraq da adlandırılır. Entropiya fizikada bir sistemin ehtiva etdiyi nizamsızlığın ölçüsüdür. Bir sistemin nizamlı, mütəşəkkil və planlı formadan nizamsız, dağınıq və plansız formaya düşməsi o sistemin entropiyasını artırır. Sistemdəki nizamsızlıq nə qədər çoxdursa, o sistemin entropiyası da o qədər yüksəkdir. Entropiya qanunu bütün kainatın müntəzəm olaraq daha nizamsız, plansız və dağınıq formaya doğru getdiyini ortaya qoymuşdur.
Termodinamikanın ikinci qanunu və ya digər adı ilə entropiya qanunu nəzəri və təcrübi cəhətdən doğruluğu qəti şəkildə sübut edilmiş qanundur. Belə ki, keçən əsrin ən böyük elm xadimi kimi qəbul edilən Albert Eynşteyn bu qanunu “bütün elmlərin birinci qanunu” kimi tərif etmişdir:
Entropiya qanunu tarixin bundan sonrakı ikinci dövründə dominantlıq edəcəkdir. Albert Eynşteyn bu qanunun bütün elmlərin birinci qanunu olduğunu söyləmişdir. Ser Artur Eddinqton ondan bütün kainatın ən üstün metafizik qanunu kimi bəhs edir.363
Təkamül nəzəriyyəsi isə bütün kainatı ehtiva edən bu əsas fiziki qanunu görməzliyə vuraraq irəli sürülmüş iddiadır. Təkamül nəzəriyyəsi bu qanunla ziddiyyət təşkil edən mexanizm irəli sürür. Təkamül nəzəriyyəsinə əsasən, dağınıq, nizamsız, cansız atomlar və molekullar zaman keçdikcə öz-özlərinə, təsadüflərlə birləşərək nizamlı və planlı zülalları, DNT, RNT kimi olduqca kompleks molekulyar formaları, sonradan daha mürəkkəb quruluşa və dizayna malik milyonlarla canlı növünü meydana gətirmişdir. Təkamülə əsasən, hər mərhələdə daha planlı, daha nizamlı, daha kompleks və mütəşəkkil formaya doğru gedən bu xəyali proses entropiya qanununun ortaya qoyduğu həqiqətlərə tamamilə ziddir. Bu səbəbdən təkamül kimi prosesin fərz edilən heç bir mərhələsinin baş verməsi mümkün deyil. Təkamülçü alimlər də bu açıq ziddiyyəti anlayırlar. C.H.Raş belə deyir:
Təkamülün kompleks prosesi daxilində həyat termodinamikanın ikinci qanununda bildirilən proseslə açıq-aşkar ziddiyyət təşkil edir.364
Təkamülçü alim Rocer Levin də “Science” jurnalındakı bir məqaləsində təkamülün termodinamika müəmmasını belə ifadə edir:
Bioloqların qarşılaşdıqları problem təkamülün termodinamikanın ikinci qanunu ilə açıq-aşkar ziddiyyət təşkil etməsidir. Sistemlər zaman keçdikcə daha nizamsız hala gəlib dağılmalıdırlar.365
Avtomobili təbii şəraitdə tərk etsəniz, mütləq köhnələr, paslanar və çürüyər. Eynilə, şüurlu bir tənzimləmə olmadığı təqdirdə, kainatda bütün sistemlər dağılmağa doğru gedir. Bu, qaçılmaz təbiət qanunudur.
Özü də təkamül nəzəriyyəsinin tərəfdarlarından olan Corc Stavropolos canlıların öz-özünə meydana gəlməsinin termodinamik baxımdan qeyri-mümkün olduğunu və fotosintez kimi kompleks canlı mexanizmlərin mənşəyini təbiət qanunları ilə açıqlamağın mümkün olmadığını məşhur elmi jurnal olan “American scientist”də bu ifadələrlə qəbul edir:
Normal şərtlərdə termodinamikanın ikinci qanununa əsasən, heç bir kompleks üzvi molekul əsla öz-özünə əmələ gələ bilməz, əksinə, parçalanar. Əslində, bir şey nə qədər kompleksdirsə, bir o qədər qeyri-sabitdir və gec-tez parçalanaraq dağılır. Fotosintez, bütün həyati proseslər və həyatın özü mürəkkəb və ya qəsdən mürəkkəbləşdirilmiş izahlara baxmayaraq, hələ də termodinamika və ya başqa dəqiq elm sahəsi vasitəsilə başa düşülməmişdir.366
Göründüyü kimi, təkamül iddiası tamamilə fiziki qanunlara zidd şəkildə irəli sürülmüş iddiadır. Termodinamikanın ikinci qanunu təkamül nəzəriyyəsinin qarşısına elmi və məntiqi baxımdan keçilməz sədd çıxarmışdır. Bu səddi aşacaq heç bir elmi və əsaslı açıqlama verə bilməyən təkamülçülər isə bu problemi ancaq təxəyyüllərində aşa bilirlər. Məsələn, Ceremi Rifkin təkamülün bu fiziki qanunu sehirli güclə aşdığına inandığını bildirir:
Entropiya qanunu təkamülün bu planetdəki həyat üçün mövcud olan bütün enerjini paylaşdıracağını deyir. Bizim təkamül anlayışımız isə bunun tam tərsidir. Biz təkamülün sehirli şəkildə yer üzündə daha böyük ölçü və nizam əmələ gətirdiyinə inanırıq.367
Bu sözlər təkamülün elmi tezisdən çox doqmatik inanc forması olduğunu ifadə edir.
İqtibaslar:
363- Jeremy Rifkin, Entropy: A New World View, New York: Viking Press, 1980, səh. 6.
364- J. H. Rush, The Dawn of Life, New York: Signet, 1962, səh. 35.
365- Roger Lewin, “A Downward Slope to Greater Diversity”, Science, cild 217, 24 sentyabr 1982, səh. 1239.
366- George P. Stavropoulos, “The Frontiers and Limits of Science”, American Scientist, cild 65, noyabr-dekabr 1977, səh. 674.
367- Jeremy Rifkin, Entropy: A New World View, səh. 55.