Şimpanzeni məcburən insana oxşatmağa cəhd etmək
Homo naledi ilə bağlı araşdırmanın başında duran Li Bergerin etirafına görə, bu fosillər məlum olan hansısa insan irqi ilə uyğun gəlmir. Bu da darvinist elm adamlarının qalıqları “yeni növ” kimi adlandırmasına səbəb olmuşdur. Məsələn, Berger naledi “avstralopiteklər ilə insan arasındakı boşluğu dolduran ara mövqeli insanabənzər (hominid) növüdür” deyə iddia edib. Ancaq bu təxminin qərəzli və tərəfgir olması sümüklər araşdırıldıqda açıq şəkildə ortaya çıxır.
Quraşdırılan bu yığma skelet bütün xüsusiyyətlərilə şimpanzelərə bənzəyir. Çiyin oynaqları və qövsvari barmaq sümükləri budaqlardan sallanan meymunlarla eynidir. Geniş oma sümüyü və aşağı doğru genişlənən döş qəfəsi isə avstralopitek cinsindən meymunlara xasdır. Hər nə qədər insan ayağına bənzədiyi iddia edilsə də, ayaq sümüklərinin insanınkından fərqli olaraq nisbətən qövsvari və maili olması yenə eyni qrup tərəfindən qəbul edilir. Darvinistlərə görə Australopithecus afarensis dırnaqarası təkamül ağacında ilk əcdad kimi qəbul edilməsinə baxmayaraq, baş barmaqlarının bugünkü şimpanze və digər meymunlarınkından daha uzun olduğu təsbit edilmişdir. Bu xüsusiyyət təkamül iddiasına tamamilə ziddir. Homo naledinin baş barmağı isə Australopithecus afarensisdən bir az da uzundur. Bu da xəyali təkamül ağacını çürüdən faktdır. Bu halda, insan barmağına heç oxşamamaqla yanaşı, xəyali təkamül nəsil ağacında insanabənzər olaraq xarakterizə edilən növlərdən də olduqca fərqlidir. Homo naledinin əli heç cür insan əlinə bənzəmir, qövsvari barmaq falanqaları və digər meymunabənzər xüsusiyyətlərilə birlikdə qalıqlar bu canlının budaqdan-budağa atlanan bir meymun olduğunu bizə göstərməkdədir. Bu əl strukturunun hər hansı bir aləti tutub işlətməsi isə qeyri-mümkündür. Bununla birlikdə, sümüklərin tapıldığı mağarada insan mədəniyyətinə aid hər hansı bir alət və ya əşya da tapılmamışdır.5
Dinaledi mağarasında tapılan dişlər insan dişlərinə heç bənzəmir. Bu dişlər avstralopitek seriyasından meymunlarda müşahidə edilən dişlərdən daha kiçikdir. Bu vəziyyət isə meymun növləri arasındakı variasiya ilə izah edilə bilər, amma insana bənzəməsindən söhbət gedə bilməz.
Beyin böyüklüyü ilə zəka düz mütənasib deyil
İnsanın keçmişinə dair məlumatlar fosillərdən əldə edilən məlumatlara əsaslanır. Lakin çox vaxt əldə olan məlumatlar təkamül nəzəriyyəsinin ehkamlarına görə şərh edildiyi üçün, adətən, elmi nəticədən bəhs etmək mümkün deyil. Təkamül düşüncəsinə zidd bir məlumat tapılsa belə, bəzi elm adamları təkamül nəzəriyyəsini diri tutmaq üçün ona «görəsən təkamül buna necə nail oldu?» kimi qərəzli suallarla, yaxud da «sıçrayışlı təkamül» kimi məntiqsizliklərlə yanaşırlar.
«Nature» jurnalının redaktoru Henri Ci darvinistlərin bu vəziyyətini aşağıdakı diqqətəlayiq ifadələrlə yekunlaşdırır:
“Əcdad-xələf münasibətlərinə söykənən insanın təkamül sxemi tamamilə insan icadıdır, sübutsuz ortaya atılmış və insanların ehkamlarına görə formalaşdırılmışdır… Bir qədər fosil götürmək və bunların nəsil ağacını əks etdirdiyini iddia etmək təcrübi yolla sübut ediləcək elmi hipotez deyildir, gecə nağıllarıyla eyni mahiyyət daşıyan iddiadır- əyləndirici, hətta bəlkə, yönləndiricidir,- amma elmi deyil”. (Henry Gee, In Search of Deep Time, New York, The Free Press, 1999, səh. 32; 116-117)
Daha da başa düşülən olması üçün bunu bir nümunə ilə açıqlayaq:
Bu gün dünyada Allahın zənginlik olaraq bəxş etdiyi genetik müxtəliflik səbəbindən fərqli fiziki quruluşdakı insanlar görürük. Məsələn, gödək-uzun boy, fərqli göz və dəri rəngi və başqa bir çox fiziki xüsusiyyətlərimiz bir-birindən fərqlidir. Amma hamımız təməl olaraq eyniyik, yəni insanıq. Deməli, bu kimi müxtəlifliklər keçmişdə də var idi. Təkamülçülər insanın təkamülü iddiası ilə bağlı bu həqiqəti dəyişərək bir çox ziddiyyətlər nümayiş etdirirlər. Məsələn, insan kəllə qutusu ölçülərini mübahisəli şəkildə sıralayır və özlərinə görə bir sxem meydana gətirirlər. Belə ki, bir zamanlar darvinistlərin “insanın ibtidai əcdadı” olaraq iddia etdikləri neandertalların kəllə qutusunun həcmi dövrümüzdəki orta ölçülü kəllə qutusundan böyükdür, ona görə də təkamül iddiaları ilə düz gəlmir.
Dövrümüzün texnologiyası ilə həm beyinin fiziki quruluşu və həcmi, həm də mikroskopik səviyyədə toxuma quruluşu geniş tədqiq edilə bilir. İnsan beyni fərqli fərdlərdə orta hesabla 1200-1400 qram ağırlığa malikdir. Bundan başqa, kişi və qadın beyininin ağırlığı fərqli olsa da, funksional olaraq eynidir. Yenə mikroskop altında aparılan tədqiqatlarda zəkalı insanların sinir rabitələrində də hər hansı bir fərq tapılmayıb. Məsələn, tanınan ən zəkalı insanlardan olan Albert Eynşteyn normal beyin həcminə malik idi.
Bütün bu kimi uyğunsuzluqlar da göstərir ki, nə böyük beyin əlavə bir inkişaf meyarıdır, nə də kiçik kəllə qutusu çatışmazlıqdır. Bunların hamısı insanın gen hovuzundakı müxtəliflikdən ibarətdir. Təkcə sümüklərə aid fiziki ölçmələr aparmaq və bununla bir canlıya dair fərziyyə irəli sürmək elmdən uzaqlaşmaqdır və olduqca yanlış nəticələrə gətirib çıxarır.
Canlıların milyonlarla ildir dəyişməməsi Yaradılışın dəlillərindəndir
Yaşayan canlıların beyinlərinə baxdıqda, beyin həcmi və toxumasının o insanların zəka və ictimai inkişaf səviyyələri ilə mütənasib olmadığı açıq şəkildə görünür. Elə isə, sırf anatomik ölçülərə əsaslanaraq keçmişdə yaşayan canlılar haqqında şərh vermək də mənasızdır. Hətta tapılan fosillərin yaş təyini belə, etibarlı şəkildə aparılmır, bunlara əsaslanaraq nəticə çıxarmağın və təkamül cəfəngiyatını cəmiyyətə aşılamağa çalışmağın təməli ideologiya olan bir yanaşma olacağı aşkardır.
Fosillər araşdırıldıqda gördüyümüz diqqətəlayiq nəticə hər zaman Yaradılışdır. Hər canlı növü fosil qeydlərində ani olaraq peyda olur. Yaşaması üçün lazımi bütün xüsusiyyətləri də ortaya çıxdığı ilk andan özündədir. Bu, canlının həyatını davam etdirə bilməsi üçün lazımdır. Fosil qeydlərinin bizə göstərdiyinə görə, bütün canlılar növlərinin nəsli kəsilmədiyi müddət ərzində heç bir dəyişikliyə məruz qalmayıb. Amma bəzilərinin nəsli tükənib, bəziləri isə dövrümüzə qədər varlıqlarını davam etdirə biliblər.