QULAQ ƏZƏLƏLƏRİ: Rudiment orqan iddialarına cavab
Başımızın iki tərəfində hər qulağımızın 3 xarici əzələsi vardır – auricularis superior, auricularis anterior və auricularis posterior əzələləri. Bəzi insanlar qulaqlarını xaricdən görünən şəkildə hərəkət etdirə bilmirlər, bəziləri isə hərəkət etdirə bilirlər. Çarlz Darvin özü “İnsanın mənşəyi və cinsi seçmə” kitabında bu mövzuya toxunmuş və insanla onun bəzi “meymunabənzər əcdadları”nın digər məməlilərdəki qulaqları hərəkət etdirmək qabiliyyətlərini itirdiyini iddia etmişdir.1
O, bunu iri meymunlar və insanların başlarını üfüqi müstəvidə hərəkət etdirmək və hər istiqamətdən gələn səsi tuta bilmək qabiliyyətləri ilə izah edirdi. Bəs nəyə görə təkamülçülər makakalar (Macaca) və digər bəzi meymunların başlarını üfüqi müstəvidə hərəkət qabiliyyətləri ilə birlikdə, digərlərindən daha yaxşı inkişaf etmiş qulaq əzələlərinə də malik olduqlarını2 qeyd etmirlər? Bu, təkamül hekayəsini danışarkən əks-dəlillərin necə görməzdən gəlindiyini sübut edir. İddia olunur ki, bu əzələlər qulaqlarını müxtəlif istiqamətlərə hərəkət etdirib səsləri tutmağı bacaran əcdadlarımızdan qalıb. Əslində, qulaq seyvanımız (lat. auricula), onsuz da, bu funksiyanı yerinə yetirir – səsi tutmaq və istiqamətini müəyyənləşdirmək. Həmçinin tədqiqatlar göstərmişdir ki, arxa tərəfdən qəfil səs gəldikdə, gözlərimizi refleks kimi arxaya hərəkət etdirən sinir qıcıqlarına qulaq əzələləri də cavab verir və qulağı arxaya doğru hərəkətə gətirir.3
Bioloqların bildirdiyinə görə, xarici qulaq əzələlərinin başqa bir funksiyası da qulaq kirinin xaricə atılmasına kömək etməkdir. Ümumilikdə, bədəndəki əzələlərin çoxu digər əzələlərlə ilişikli şəkildə işləyir. Ona görə insan çeynəyəndə, gülümsəyəndə və s. vaxtlarda qulaq əzələləri də qulağı hərəkətə gətirir. Bu, qulaq kirinin tədricən bayıra atılmasını, bu minvalla da, qulaqların təmizlənməsini təmin edir.4
Bununla belə, xarici qulaq əzələlərinin başqa funksiyalarının kəşf olunması da istisna edilmir. Ümumiyyətlə, rudiment və ya qeyri-funksional əzələ iddiası ilə bağlı əsas problem budur: işlənməyən əzələlər sürətlə degenerasiyaya uğrayır. İstər uzun müddət çəkisizlik şəraitində qalan astronavtlar, istərsə də daimi yataq xəstələri kimi insanlar sadəcə bir neçə ay ərzində əhəmiyyətli miqdarda əzələ kütləsi itirirlər. Qısaca desək, əzələ kütləsi “ya işlət, ya itir” məsələsidir. Ehtimaldan kənardır ki, bir fərdin ömür boyu işlətmədiyi hər hansı əzələ sağlam əzələ toxuması kimi qalsın. Nəinki milyonlarla il ərzində nəsildən-nəslə qalmaq! Ona görə də bədənimizdəki istənilən əzələnin mövcudluğu, faktiki olaraq, elə həmin əzələnin funksional olduğunu sübut edir.
İqtibaslar:
Darwin, Charles (1890). The Descent of Man and Selection in Sex. 2nd Edition. London: John Murray, Ablemarle Street. 1890. p. 32.
Steven Rowitt, “Vestigial Organs: To Function or not to Function, that is the Question”, Creation Studies Institute
Anatomist Dr. David Menton Responds to “Proof of Evolution That You Can Find on Your Body”, YouTube, Apr 7, 2016
Lita Cosner, “Badly designed arguments—‘vestigial organs’ revisited”, CMI, 17 December 2011