17 İyun 2018 01:06 Təkamülçülərə cavab

Publika.az saytının “Bu qan qrupundan olanların əcdadları insan olmayıb” başlıqlı xəbərinə cavab

Təkamülçü informasiya vasitələrində klassik saxtakarlıq üsullarından biri də elmi məlumatların heç bir əsas olmadan təkamüllə əlaqələndirilməyə çalışılmasıdır. Xarici medianın və sonradan yerli mətbuatın insan qanının rezus amilini təkamüllə açıqlamağa çalışması da bu tip saxtakarlıqlardandır. 14 aprel 2018-ci il tarixində publika.az və daha sonra bir çox saytlarda yayımlanan xəbərdə müəllif ilk öncə insanın primatlardan, xəyali meymunabənzər insanlardan təkamül etməsini, sanki hər kəsin bildiyi, elm tərəfindən sübut olunmuş bir həqiqət kimi qələmə verir. Halbuki başda paleontologiya olmaqla, bütün elm sahələri təkamül fərziyyəsinin bütün iddialarını təkzib etdiyi kimi, insanın təkamülü iddialarının da nə qədər elmdən kənar olduğunu ortaya qoyur. Paleontologiya elmi bizə onu göstərir ki, meymunlar həmişə meymun olaraq, insanlar da insan olaraq var olublar. Heç bir yarı meymun, yarı insan keçid növ canlı yaşamayıb. Təkamülçülər özləri də bu həqiqətin fərqindədirlər. Buna görə də keçid fosili axtarmaq ümidlərini itirərək saxta fosillər hazırlamaqla özlərinə təsəlli verirlər. Ancaq elm tərəfindən bütün bu saxtakarlıqlar ifşa olunmuşdur (məsələn, Piltdaun adamıNebraska adamı və s.)

Meymunlarla insanların qohum olması sadəcə təkamülçü təxəyyülün məhsuludur. Elm belə bir qohumluğun olmadığını, növlərin heç bir təkamül tarixi olmadan bir anda və kompleks şəkildə ortaya çıxdığını göstərir. Buna görə də meymunların qan qrupunun və ya rezus amilinin necə olmasının da insanla heç bir əlaqəsi yoxdur.

Müəllifin heç bir sorğu-suala ehtiyac duymadan işlətdiyi “meymunabənzər insanlar” ifadəsi sadəcə gözə pərdə asmaqdan ibarətdir. Əslində isə, tarixdə heç vaxt bu cür canlılar mövcud olmayıb. Əgər bu cür canlılar yaşamış olsaydılar, fosil qeydlərində onların qalıqları mütləq tapılmalı idi. Məqalənin müəllifi isə heç vaxt mövcud olmamış canlıların hansı qan qrupuna və rezus amilinə malik olduqlarından bəhs edir.

Ümumiyyətlə, qanın rezus amili eritrositlərin səthində rezus amilini müəyyən edən zülalın olub olmaması ilə fərqləndirilir. Eritrositlərin səthində bu zülal varsa, rezus amili “+”, yoxdursa, “–” olaraq qəbul edilir. Yəni mənfi rezus, D antigeninin olmamasıdır. Ümumiyyətlə, rezus faktoru D hərfi ilə işarə olunur: böyük D və kiçik d. Böyük D müsbət, kiçik d mənfi rezus deməkdir. Bildiyimiz kimi, genlər dominant və resessiv ola bilir. Qanın rezus amilini müəyyən edən genlərdən D “Rh+” dominant, d “Rh–” isə resessivdir. Yəni kiçik d və böyük D birlikdə olduqda, böyük D dominantlıq edərək öz xüsusiyyətini göstərir, ona görə yenə də rezus müsbət olur. Çünki burada dominantlıq edən böyük D olur. Amma nəsillər ötdükcə nə zamansa, kiçik d-lər yan-yana düşür, bu zaman böyük D olmur, yəni dominantlıq edən olmur deyə, qan mənfi rezuslu olur.

Publika.az saytında qanın rezus faktoru ilə bağlı xəbərin müəllifi isə bəzi insanların məlumatsızlığından istifadə etməyə çalışaraq rezus faktorunu təkamülə dəlil kimi göstərməyə çalışıb. Halbuki yuxarıda gördüyümüz kimi, rezus amili gen kombinasiyaları ilə müəyyən olunur və təkamüllə heç bir əlaqəsi yoxdur. İnsan ilk yaradıldığı vaxtdan bəri DNT-də “–” və “+” rezusu müəyyən edən genlər mövcud olub və bu genlərin qarşılıqlı təsiri ilə insanların rezus faktoru müəyyən olunur.

Xəbərdə istinad edilən müəlliflər qanın mənfi rezus amilinin mənşəyini təkamülçü məntiqlə izah etməyə çalışarkən öz aralarında belə ziddiyyət içərisindədirlər. Bəziləri mənfi rezuslu insanların mənşəyinin insanlarla “hibridləşmiş” yadplanetlilər olduğunu, bəziləri mutasiya etmiş canlılar olduğunu iddia edir.

Yadplanetlilər iddiası təkamülçülərin elm qarşısında məğlub olduqlarının göstəricilərindən biridir. Hətta DNT-nin quruluşunu üzə çıxaran alimlərdən biri, Nobel mükafatçısı Frensis Krik də həyatın yer üzündə öz-özünə yarana bilməyəcəyini qəbul etmiş, ancaq təkamülçü olduğu üçün həyatın yadplanetlilər tərəfindən Yer kürəsinə “əkildiyi”ni müdafiə etmişdir. F.Krik bir sözündə öz ehkamçı baxış bucağını belə dilə gətirir:

“Bioloqlar gördüklərinin dizayn edilməyib, təkamüllə əmələ gəldiyini daima yadda saxlamalıdırlar”.1

Eyni qəlibləşmiş düşüncə tərzinə malik olan məşhur ateist yazıçı Riçard Dokinz də həyatın mənşəyi mövzusunda çıxılmaz vəziyyətə düşdükdə yadplanetlilərlə bel bağlayıb demişdir:

“Bəlkə də, qədim dövrlərdən birində, kainatın harasındasa bir sivilizasiya təkamül edib… Bunlar bir həyat forması dizayn edib, bəlkə, bu planetə toxum kimi əkiblər”.2

Bir alimin yaradılış həqiqəti ilə üz-üzə qaldıqda bu həqiqətdən boyun qaçırıb yadplanetlilərə üz tutması o alim üçün çox utancverici vəziyyətdir. Hətta fərz etsək ki, hansısa planetdə və ya göy cismində həyat mövcud olub, bu, təkamül fərziyyəsinin lehinə dəlil təşkil etməz. Çünki Yerdə həyatın təsadüfən əmələ gəlməsi mümkün olmadığı kimi, digər planetlərdə və ya qalaktikalarda da həyatın təsadüfən əmələ gəlməsi mümkün deyil. Yerdəki həyat onu yaradan bir Yaradıcının varlığını sübut etdiyi kimi, kosmosda da əgər həyat olsa, bu, mütləq bir Yaradıcı tərəfindən yaradılmış olar. İnsanın mənşəyinin yadplanetlilərlə izah olunması da eyni kateqoriyadan olan fərziyyədir. Təkamülçülər insanın İlahi Yaradılışı həqiqətini görməzdən gəlmək üçün yadplanetlilərin müdaxiləsinə ehtiyac duyurlar. Bu ehtiyacın nəticəsində də bir-birindən fantastik və xəyali hekayələr doğur. Publika.az saytında xəbərə çevrilən mövzu bu fantastik hekayələrdən sadəcə biridir.

Mutasiya ilə müsbət rezusa malik qandan mənfi rezuslu qanın əmələ gəlməsi iddiası isə təkamülçülərin klassik, heç bir əsası olmayan “mutasiya təkamülün hərəkətverici qüvvəsidir” iddialarının başqa bir formasıdır. Ancaq bildiyimiz kimi, mutasiya canlıların DNT-də baş verən təsadüfi dəyişikliklərdir. Amerikalı təkamül nəzəriyyəçisi, məşhur bioloq Linn Marqulisin qeyd etdiyi kimi:

“Təsadüfi mutasiyaların varlığı danılmazdır. Lakin yeni mutasiyalar yeni növlər yaratmır. Onlar şikəst nəsillər yaradır”.3

Qanın müsbət və ya mənfi rezusa malik olması isə fərqli genlər tərəfindən kodlaşdırılan məlumatlardır və nukleotidlərin çox kompleks ardıcıllığı vasitəsi ilə müəyyən olunur. Heç bir təsadüfi dəyişiklik isə müsbət rezusu müəyyən edən geni dəyişikliyə uğradaraq mənfi rezusu müəyyən edən genə çevirə bilməz. Bu, məşhur bir şeirdə təsadüfi hərf dəyişiklikləri edərək onu başqa bir məşhur şerə çevirməyə bənzəyir. Aydındır ki, bu, mümkün deyil, ağıla və məntiqə ziddir. İnsan yaradıldığı andan etibarən onun gen hovuzunda mənfi və müsbət rezusu müəyyən edən genlər mövcud olmuşdur.

İddialar içərisində yer alan mənfi rezus qana malik insanların əlavə sümük və əzələlərə sahib olması, intellektual səviyyələrinin daha zəngin olması, bədən temperaturlarının aşağı olması kimi iddialar isə heç bir elmi və təcrübi əsası olmayan fikirlərdir. İnsanın qanının rezus amili onun xüsusiyyətlərinə heç bir təsir göstərmir. Sadəcə məqalənin müəllifi öz iddialarına dəlil tapa bilmədiyi üçün bu cür fərqliliklərin olduğunu uydurub.

Təkamül fərziyyəsinə sübut axtarmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də uğursuzluqla nəticələnmişdir. Məşhur ingilis astronom və riyaziyyatçı Ser Fred Hoyl “Kainat: keçmiş və hazırkı düşüncələr” adlı məqaləsində belə etiraf edir:

“Faktları sağlam düşüncə ilə dəyərləndirdikdə görürük ki, üstün bir ağıl fizikaya, həmçinin kimya və biologiyaya müdaxilə edib. Təbiətdə isə danışılmağa dəyər kortəbii qüvvələr yoxdur”.4

İqtibaslar:

  1. Crick F.H.C., “What Mad Pursuit: A Personal View of Scientific Discovery”, 1988, Penguin Books: London, 1990, reprint, səh. 138
  2. “Ben Stein vs Richard Dawkins”, 2008, youtube.com, http://www.youtube.com/watch?v=9M_ZF8r5e7w; Ben Stein, Expelled: “No Intelligence Allowed”, 2008
  3. Lynn Margulis, quoted in Darry Madden, “UMass Scientist to Lead Debate on Evolutionary Theory,” Brattleboro (Vt.) Reformer (Feb 3, 2006)
  4. F. Hoyle, “The Universe: Past and Present Reflections”, Annual Review of Astronomy and Astrophysics 20 (1982): 16

 



Yer kürəsinin mövqeyi

20 Avqust 2018 12:13

Digər

Yer kürəsinin mövqeyi
Kainatın ehtişamlı böyüklüyü

18 Avqust 2018 13:17

Digər

Kainatın ehtişamlı böyüklüyü
Təkamülçülərin gözləmədiyi onurğalılar!

15 Avqust 2018 14:13

Quranda təkamül yoxdur

Təkamülçülərin gözləmədiyi onurğalılar!
Timsah dərisindəki fiberşüşə texnikası

12 Avqust 2018 20:52

Quranda təkamül yoxdur

Timsah dərisindəki fiberşüşə texnikası
Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

11 Avqust 2018 21:11

Quranda təkamül yoxdur

Suyun fiziki xüsusiyyətlərindəki həssas nizamlar

© 2016 Bu sayt Harun Yəhya əsəsrləri əsasında hazırlanıb.imanisaytlar.com.