Müsəlman niyə təkamülçü ola bilməz?
BƏZİ MÜSƏLMANLAR 1940-50-ci illərin məlumatına əsaslanaraq təkamül nəzəriyyəsinin elm tərəfindən dəstəkləndiyini zənn edir, müsəlmanların təkamülü Darvindən əvvəl bildiklərini önə sürərək İslamla həmin nəzəriyyəni uzlaşdırmağa çalışırlar. Belə bir məntiq tamamilə bilgisizlikdən qaynaqlanır. Elm təkamülün əsassız olduğunu sübut etmişdir. Elm yaradılış həqiqətini təsdiqləyir.
Hər şeyi Allahın yaratması müsəlmanın iman etdiyi və Quranda xəbər verilən həqiqətdir. Buna görə də bir müsəlman qədim Misir və şumerlər dövründən qalan və hər şeyi təsadüflərlə açıqlayan bütpərəst təkamül nəzəriyyəsi ilə eyni şeyi müdafiə edə bilməz.
Əlbəttə, Allah istəsə idi, canlıları təkamül vasitəsi ilə yarada bilərdi. Lakin Quranda bu barədə hər hansı bir işarə yoxdur və təkamülçülərin irəli sürdüyü kimi, növlərin mərhələli şəkildə əmələ gəldiyini dəstəkləyən heç bir ayə mövcud deyil. Əgər belə bir yaradılış forması olsa idi, bunu Quran ayələrində ətraflı şəkildə görə bilərdik. Əksinə olaraq, Quranda canlıların və kainatın Allahın “ol” əmri ilə möcüzəvi şəkildə var edildiyi xəbər verilir:
Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)
Quranda insanın yoxdan və ən gözəl biçimdə yaradıldığı bildirilir:
Biz insanı ən gözəl surətdə yaratdıq! (Tin surəsi, 4)
O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır. (Təğabun surəsi, 3)