Kembri ekologiyası və ani ortaya çıxan “yırtıcılar”
Kembri canlılarının ən nəzərəçarpan xüsusiyyətlərindən biri kompleks ov-yırtıcı əlaqələri olması, təkmil hücum və müdafiə orqanlarına malik olmalarıdır. Kembridən əvvəl bu cür orqanlardan əsər-əlamət olmadığı halda Kembri canlıların bu cür təkmil silahlarının olması kompleksliyin ani və hərtərəfli irəlilədiyini göstərir.
Kembri canlılarının müdafiə sistemləri Kembri ekosisteminin çox mürəkkəb olduğunu göstərir. Bristol Universitetindən paleontoloq Derek E.Q. Briqqs (Derek E.G. Briggs) Kembri canlılarından Anomalocarid-in kompleks sistemlərinə isnad edərək mövzu haqqında belə şərh verir:
Anomalocarid kimi canlılar erkən Kembridə belə çox təkmil, böyük, yaxşı uyğunlaşmış yırtıcılar olduğunu göstərir. Bu da Kembri ekosistemlərinin dövrümüzdə gördüklərinizdən o qədər də fərqi olmadığını göstərir. Həyat sahələrini müxtəlif orqanizmlər doldururdu, ancaq bunların quruluşu eyni idi.1
Nankin Geologiya və Paleontologiya İnstitutundan Çjun-Yuan Çen (Jun-Yuan Chen) isə buna bənzər şərhində sürətlə ortaya çıxıb böyüyən Kembri ekologiyasının dövrümüzdəki kimi inkişaf etmiş olduğunu ifadə etmişdir:
[Kembridə] çox inkişaf etmiş ekosistem var idi. Qida zənciri dövrümüzdə olduğu kimi mürəkkəb idi.2
Kembridə ani ortaya çıxan bu “yırtıcılar” mərhələli inkişaf anlayışını irəli sürən darvinizmlə açıq-aydın ziddiyyət təşkil edir. Mərhələli inkişaf və saysız-hesabsız ara-keçid forma fərziyyələrini əsas götürən darvinizmin iddia etdiklərinə əsasən fosil qeydlərində bir çox canlı natamam, qüsurlu, qeyri-funksional bioloji quruluşda olmalı, Kembridəki kompleks hücum və müdafiə sistemlərinin işə yaramayan, yarımçıq qalıqları tapılmalı idi. Halbuki bu canlılar tam funksional quruluşları ilə ani yaradılıblar. Təkamülçü yazıçı Riçard Monasterski (Richard Monastersky) mərhələli inkişaf fərziyyələrinin necə boşa çıxdığını belə açıqlayır:
Başlanğıcda insanlar Kembrini ekosistemlərin inkişafında erkən mərhələ kimi dəyərləndirdilər. Yırtıcılığın çox yaxşı inkişaf etmiş strategiya olmayacağı təxmin edilirdi. Bu nəzəriyyəyə əsasən ən erkən yırtıcılar nisbətən ibtidai canlılar kimi başlayıb daha sonralar milyonlarla illik prosesdə təkamül keçirərək daha təkmil xüsusiyyətlər qazanan canlılar olacaqdı. Yırtıcılar əlavə hücum silahları qazandıqca ovlar da təkmil müdafiə sistemləri əldə edəcəkdilər. Ancaq fosillər silahlanma müharibəsinin Kembri partlayışında, demək olar ki, bir gecədə sürətləndiyini göstərir. Çenqyanq faunasında böyük müxtəlifliyə malik qoruyucu zirehləri olan, bərk qabıqlı və uzun onurğalı canlılar var idi. Bənzər şəkildə Anomalocarid bir sıra qidalanma vasitələri ilə səhnədə yerini tutmuşdu.3
Kembri faunası kompleksliyi ilə təkamül nəzəriyyəsinin iddialarını qəti və aydın şəkildə çürütmüşdür. Çünki təkamül nəzəriyyəsinə görə növ səviyyəsində olduğu kimi, faunalarda da ibtidaidən kompleksə doğru inkişaf olmalıdır. Milyon illər əvvəl yaşamış canlıların faunalarını kəşf edən paleontoloqlar bunları canlıların bir-birlərilə və ətraf mühitlə olan əlaqələri əsasında ibtidaidən kompleksə doğru düzməli, iddia edilən təkamül nəzəriyyəsinə dəlil gətirməlidirlər. Ancaq darvinizm belə bir təkamül prosesinin baş verdiyinə dair heç bir dəlil gətirə bilməmişdir.
Kembri faunası kimi kompleks fauna geoloji təbəqələr boyu altdan yuxarıya doğru düzülmüş ibtidai faunaların ardınca deyil, özünəməxsus və ayrı-ayrı ortaya çıxmışdır. Bütün bu həqiqətlər qarşısında ağıllı və dürüst insan Kembri faunasını bütün kompleksliyi ilə uca Allahın yaratdığını deyər.