FOSİL DNT DÜZÜLÜŞÜ NİYƏ ETİBARLI DEYİL?
Məlum olduğu kimi, insan genomu layihəsi ilk nəticələrini 2003-cü ildə verdi. Yaşayan fərdlərdən alınan, bütöv və işləməsi nisbətən asan olan insan DNT-si açıqlandıqdan sonrakı 13 il ərzində bir neçə dəfə nəzərdən keçirilib, çatışmazlıqları və yanlışları düzəldildi. Bu günə kimi 7-8 fərdə aid gen xəritəsi ancaq hazırlana bilib. İnsan genomunun təqribən 3,4 milyard əsas cütündən meydana gəldiyi məlum oldu və bunların da sadəcə mində bir qədər, hətta daha kiçik fərqə sahib olduğu, bu fərqlərin gen kodlaşdıran sahələrdə olmadığı, əksəriyyətinin immun sisteminin tələbi olan MHC geni kimi fərq tələb edən sahələrdə yerləşdiyi məlum oldu.
Yaşayan insandan alınan DNT-də tətqiqat aparılması üçün belə inkişaf etmiş texnologiyaya ehtiyac olduğu düşünüldükdə, fosil qaynaqlı DNT tədqiqatının kifayət qədər çətin olduğu görünür. Bu çətinlikləri qısa olaraq bu şəkildə qeyd edə bilərik:
1- Çirklənmə (digər təbii tullantıların qarışması) problemi:
Tədqiqat aparılan DNT-nin saflaşdırılması əsnasında istifadə edilən metodun etibarlılığı çox önəmlidir və xəta etməmək lazımdır. Fosil DNT incələməsində, əslində, ən böyük problem digər təbii tullantılarla qarışma ehtimalıdır. Yuxarıda da dediyimiz kimi, denisovan fosillərinin tapıldığı sahə çox fərqli insan və heyvanın yaşadığı yer olub. Ona görə də bu canlıların DNT-si fosil DNT-sinə qarışıb. Bunlara mikroorqanizmlərin və müxtəlif həşəratların DNT-si də əlavə edildikdə qarışıq DNT hovuzu ilə rastlaşırıq. Bu halda, fosil DNT ilə bağlı aparılan işlərdə xətaya yol verilməməsi ehtimalı, demək olar ki, yoxdur. Belə ki, jurnaldakı yazıda da denisovan insanı fosilinə aid hissənin ancaq 0,17 % olduğu bildirilir.
2- Fosil DNT-lərinin parçalanmış halda tapılması problemi:
İnsan DNT-si 3,4 milyar əsas cütündən meydana gələn möhtəşəm kitabxanadır. Yaşayan insandan əldə edilən DNT-nin düzülüş və xromosom düzülüşünü müəyyən etmək mümkündür. Ancaq fosil DNT aradan keçən on minlərlə ilin təsirindən parçalanmış haldadır. Bir çoxu ən çox 50-70 azot əsası düzülüşünə malikdir. Bütün DNT düşünüldükdə, 50-100 milyon hissədən bəhs etmək lazımdır. Bu vəziyyəti 100 milyon hissədən ibarət krossvorda oxşatmaq yanlış olmaz. Üstəlik, bu krossvordu doldurmaq üçün əlinizdə doğruluğunu bildiyiniz hər hansı bir şablon da yoxdur.
Məqalədə bu problemi həll etmək üçün şablon olaraq dövrümüzə aid insan və şimpanze genomundan istifadə edildiyi bildirilir. Bəs araya qarışmış başqa canlılara aid DNT-lərin ayırd edilməsi necə aparılacaq? Onsuz da, insan genomundan fərqlərin ortaya qoyulmağa çalışıldığı bir araşdırmada şablon olaraq insan genomunun istifadə edilməsi, əlbəttə ki, elmi metod olaraq doğru deyil və nəticələrinə etibar edilə bilməz.
3- Kimyəvi və fermentativ problemlər
Fosil DNT-nin keçirdiyi illər boyunca təbii mühitində kimyəvi dəyişikliklər də nukleotid zəncirində dəyişikliklərə səbəb ola bilir. Bununla yanaşı, DNT-ni hazırlamaq üçün istifadə edilən urasil qlikozidaza və endonukleaza kimi fermentlər də düzülüş strukturunu pozur. Həmçinin DNT-ni çoxaltmaq üçün istifadə edilən PCR texnikası da xətadan sığortalanmayıb.
4- Ümumi xəta payının 1,5 % qəbul edilməsi
Bütün bu problemlərlə yanaşı məqalədə qəbul edilən xəta payının 1,5 % olması da başqa bir problemdir. Çünki yenə iddiaya görə, denisovan fosilləri ilə bugünkü insanın gen düzülüşü arasında axtarılan fərq də elə bu qədərdir. Bu halda, fərqin həqiqi, yoxsa xətaya bağlı olduğu da yenə şübhəli olacaq. Xülasə, bütün bunlar elmdən uzaq, ideologiyaya görə elmi yanlış istiqamətləndirən amillərdir.