“Darvinin vürokları” əfsanəsi
Bu məqalə məşhur amerikalı yaradılışçı alim, mikrobioloq Conatan Uellsin 2017-ci ildə nəşr olunan “Zombi elm: təkamülün daha çox ikonası” adlı kitabından tərcümə olunmuşdur.
ÇARLZ DARVİN 1835-ci ildə “Biql” adlı ingilis tədqiqat gəmisinin göyərtəsində Qalapaqos adalarına səfər edərkən arealın vəhşi təbiətindən nümunələr topladı. Bunların arasında çantasına atdığı bəzi vüroklar da var idi, onların çoxunu səhv etiketləmişdi. Baxmayaraq ki, Qalapaqos vürokları Darvinin düşüncəsinə zəif təsir göstərmişdi, bir əsr sonra onları öyrənən bioloqlar onları “Darvinin vürokları” adlandırdılar və özlərindən ixtira elədilər ki, guya, Darvin vürok dimdiklərindəki müxtəlifliyi onların qida mənbələri ilə əlaqələndirib (belə bir şey olmayıb).1 Əfsanəyə görə, Darvin öz nəzəriyyəsini formalaşdırarkən vüroklardan ilham almışdı. Hərçənd elm tarixçisi Frank Salloveyə görə, “heç nə həqiqətdən bu qədər uzaq ola bilməzdi”.2
1970-ci illərdə bioloqlar Piter və Rouzmeri Qrant və onların həmkarları Qalapaqos adalarının birində – Dafne adlı adada çadır qurdular. Burada müəyyən bir vürok növünü (orta yer vüroku) yaxından müşahidə etdilər. 1977-ci ildəki sərt quraqlıq geridə ancaq qabığı çətin qırılan toxumlar qoydu, quşların isə təxminən səksən beş faizi tələf oldu. Sağ qalanların dimdikləri, orta hesabla, beş faiz daha böyük idi və onların nəsilləri də nisbətən iri dimdikli olmağa meyil edirdi. Qrantlar təbii seçmə nümunəsi qeydə almışdılar.3
Əlbəttə ki, quşlar fərd kimi dəyişilməmişdi – sadəcə sağ qalanlar arasındakı orta dimdik ölçüsü dəyişmişdi. Buna rəğmən, Piter Qrant belə təxmin etdi ki, əgər daha çox quraqlıqlar olsa və orta dimdik ölçüsü artmağa davam etsə, təbii seçmə axırda təzə vürok növü əmələ gətirəcək. 1991-ci il tarixli bir “Scientific American” məqaləsində o yazırdı: “Quraqlıqlar, orta hesabla, on ildə bir dəfə baş versə, quraqlıqlar arasında seçmə getmədən, bu sürətlə təkrarlanan istiqamətlənmiş seçmə 200 il ərzində bir növü digərinə çevirə bilər”.4
ABŞ Milli Elmlər Akademiyasından eyni düşüncə ilə gedən müəlliflər 1999-cu il tarixli təkamül mövqeli kitabçalarında Darvinin vüroklarını “növləşmənin səciyyəvi tutarlı nümunəsi” adlandırdı.5 Eyni iddianı həmin dövrdə bir çox biologiya dərsliyində görmək olardı – vürokların Darvinin nəzəriyyəsinin formalaşmasında mühüm rol oynaması əfsanəsi ilə yanaşı.
Halbuki quraqlıq bitəndən sonra kiçik dimdikli quşlar təzədən artıb-çoxaldılar və orta dimdik ölçüsü də öz əvvəlki səviyyəsinə qayıtdı. Hansısa qəti təkamül prosesi getməmişdi. Bu isə, vürok ikonası ilə bağlı yeganə problem də deyil.
İqtibaslar:
1. Frank J. Sulloway, “Darwin and his finches: The evolution of a legend,” Journal of the History of Biology 15 (1982): 1–53.
2. Frank J. Sulloway, “The legend of Darwin’s finches,” Nature 303 (1983): 372.
3. Peter T. Boag and Peter R. Grant, “Intense natural selection in a population of Darwin’s finches (Geospizinae) in the Galápagos,” Science 214 (1981): 82–85.