BBC Azərbaycanca saytının bitkilərin təkamülü ilə bağlı səhvləri
“BBC Azərbaycanca” saytında 2 avqust, 2017-ci il tarixində “İlk gülün görünüşü necə olub?” başlıqlı yazı yayımlandı. Görünür, bu yazı artıq dövlətlər səviyyəsində etiraz edilən təkamül fərziyyəsinin yıxılmaması üçün ona dayaq vermək məqsədi daşıyır. Lakin təkamül fərziyyəsinin qaçınılmaz sonu yaxınlaşmağa davam edir və İngiltərənin dəst-xətti ilə gedən “BBC Azərbaycanca” saytının ümidsiz cəhdləri bu qaçınılmaz sonun qarşısını ala bilməyəcək.
Bitkilərin mənşəyini Çarlz Darvin “xoşagəlməz müəmma” adlandırardı.1 Həqiqətən də, aradan bir əsr yarım keçməsinə və saysız-hesabsız yeni faktlar əldə edilməsinə baxmayaraq, bitkilərin mənşəyi (digər bütün canlıların mənşəyi kimi) təkamülçülər üçün “xoşagəlməz müəmma” olaraq qalmağa davam edir. Ancaq BBC sözügedən xəbəri gündəmə gətirərək, sanki bitkilərin təkamülü məsələsində bir irəliləyiş var imiş kimi, məsələyə aydınlıq gətirilibmiş kimi bir təəssürat yaratmağa çalışır. Əslində isə, xəbəri belə xülasə etmək olar: daşlaşmış canlı qalıqları arasında çiçəkli bitkilərin əcdadı tapılmayıb, ona görə də təkamülçülər müasir bitkilərə baxıb, müxtəlif bitki cinsləri arasında müqayisə apararaq həmin xəyali “əcdad”ın necə görünüşə malik olacağını təxmin ediblər.
Xəbərin mahiyyəti bundan ibarətdir, başqa heç nə (!). Göründüyü kimi, burada həqiqi, faktlara əsaslanan elmdən yox, sadəcə təkamülçülərin təxəyyül məhsullarından, rəngarəng fantaziyalarından söhbət gedir. Həqiqi faktlara əsaslandığımız zaman isə, bitkilərin mənşəyinin ancaq və ancaq Yaradılış olduğunu görürük. İlk çiçəkli bitki (və ya örtülütoxumlu bitki) sayılan arxeofruktus (Archaeofructus) ilk dəfə 1998-ci ildə Çinin 125 milyon illik geoloji təbəqələrindən tapıldı. Bu, çiçəkli bitkilərin bütün xüsusiyyətlərini özündə daşıyan bir bitki qalığı idi. Arxeofruktusun tapılması təkamülçülərin iddialarını alt-üst edir, çünki ilk çiçəkli bitki olan arxeofruktus heç bir primitiv xüsusiyyətə malik deyil, bugünkü çiçəkli bitkilərə, xüsusilə də su zanbaqlarına çox oxşayır. O da bugünkü çiçəkli bitkilər kimi erkəkcik və dişicik orqanlarına, meyvələrə, toxumlara və bitkilərə aid bütün digər səciyyələrə sahib idi. Buna görə də fosil qeydləri, yəni qədimdə yaşamış canlıların qalıqları “bitkilərin təkamülü” hekayəsini qəti şəkildə rədd edir.
Tanıdığınız bitkiləri gözünüzün qabağına gətirin: qızılgüllər, zanbaqlar, şam ağacları, sərv ağacları, alma, üzüm, şaftalı, banan, moruq, qarpız, tut, evkalipt, əncir və i.a. Bitkilər aləminin bu qədər zəngin, bu qədər göz qamaşdırıcı olması heç bir şəkildə təsadüfi proseslərlə izah edilə bilməz. Bu möhtəşəm aləmə ancaq Allahın üstün yaratma sənəti kimi baxmaq olar. Elə buna görədir ki, Kembric Universitetinin tanınmış təkamülçü botaniki, prof. dr. Edred C.H.Korner bu etirafı etmək məcburiyyətində qalır:
“Lakin hələ də düşünürəm ki, qərəzsiz baxanlar üçün bitkilərin fosil qeydləri xüsusi yaradılışın lehinədir… Heç təsəvvür edə bilirsinizmi ki, səhləb, sugülü və palma ağacı eyni əcdaddan törəsin? Bir də ki, bu fərziyyə üçün hansısa dəlilimiz varmı? Təkamülçülərin əlinə bir cavab vermək lazımdır, amma yenə də, fikrimcə, çoxları istintaqdan məğlub çıxacaq”.2
Həqiqətən də, darvinistlər istintaqdan məğlub çıxmağa məhkumdurlar, çünki canlı aləmə təsadüflərin nəticəsi kimi baxırlar. Təsadüf isə heç nə yarada bilməz. Çiçəkli bitkilər üçün əcdad axtaran darvinistlər hələ ilk bitki hüceyrəsinin necə yarandığına belə izahat gətirə bilmirlər. Təbii ki, ilk hüceyrəyə qarşı məğlub olduqdan sonra təkamülçülərin hər ssenarisi puç və əfsanə hesab olunacaq. Təkamülçülərin ilk bitki hüceyrəsinin necə yaranmasına dair girişdikləri bəzi izahlar isə, olduqca maraqlıdır. Aşağıdakı cümləyə diqqət yetirin:
“Əldə olan yeni, lakin qəti sübut olunmamış məlumatlara əsasən, belə fərz olunur ki, mitoxondri və xloroplastlar eukariotik hüceyrələrdə əmələ gəlməmiş, həmin hüceyrələrə simbiontlar formasında daxil olmuşlar”.3
Bu, təkamülçü professor Nemət Qasımovun “Bitki fiziologiyası” adlı kitabında yer verdiyi bir cümlədir. Burada ilk bitki hüceyrəsinin “təkamülü”ndən bəhs olunarkən, cümlənin birinci yarısı diqqəti cəlb edir: “əldə olan yeni, lakin qəti sübut olunmamış məlumatlara əsasən, belə fərz olunur ki…” Məsələnin nə dərəcədə qeyri-ciddi, naməlum, tutqun olduğunu elə buradan görmək olar. “Qəti sübut olunmamış məlumatlara əsasən” fərziyyələr irəli sürmək, sonra da bunu elm kimi qələmə vermək elmi aradan qaldıran, onu korşaldan bir düşüncə tərzidir.
Bundan qabaq “BBC Azərbaycanca” saytının bir çox elmi cəhətdən yanlış xəbər və məqalələrinə cavab vermişdik. Bu məqaləmizdə də yol verilən səhvləri elmi dəlillərin işığında təhlil etdik. Yaşadığımız dövr minillərdir davam edən təkamül əfsanəsinin sona çatdığı, insanların Yaradılış həqiqətini açıq-aşkar görəcəyi dövrdür. Bu dövrə öncüllük etmək bizim üçün ən böyük şərəfdir.
İqtibaslar:
Letter of C.Darwin to J.D.Hooker (July 22, 1879); Darwin, F. & Seward, A. C., eds. (1903), “More Letters of Charles Darwin” (John Murray, London), vol. 2
E.J.H.Corner, “Evolution” – “Contemporary Botanical Thought”, A.M.Macleod, L.S.Copley, Chicago: Quadrangle Books, 1961, səh. 97
N.A.Qasımov, “Bitki fiziologiyası”, 2-ci nəşr, “Bakı Universiteti” nəşriyyatı, 2008, səh. 450-451
Şərh üçün bağlıdır.