Açıq sistem xətası
Bəzi təkamül tərəfdarları termodinamikanın ikinci qanununun ancaq “qapalı sistemlər”ə aid olduğunu, “açıq sistemlər”in isə bu qanuna tabe olmadığını müdafiə edirlər. Halbuki bu iddia bəzi təkamülçülərin həmişəki kimi nəzəriyyələrini çıxılmaz vəziyyətə salan elmi həqiqətləri təhrif etmə səyindən ibarətdir. Belə ki, bir çox alim bu iddianın əsassız olduğunu, termodinamika ilə ziddiyyət təşkil etdiyini açıq şəkildə bildirir. Bunlardan biri – Harvard Universitetindən olan alim Con Ross “Chemical and engineering news” jurnalındakı ifadələrində özü də təkamülçü düşüncə tərzinə malik olmasına baxmayaraq, bu həqiqətdən kənar iddiaların mühüm elmi xəta olduğunu belə bildirir:
… Termodinamikanın ikinci qanunu dəyişməyən qanundur. Normal halda, ikinci qanuna təcrid edilmiş sistemlər aid edilir, ancaq ikinci qanun açıq sistemlərə də eyni dərəcədə aiddir… Buna baxmayaraq, termodinamikanın ikinci qanununun müvazinətsiz sistemlərə aid olmadığı fikri hakimdir. Əmin olun ki, bu səhv əbədi davam etməyəcəkdir.368
Açıq sistem kənardan enerji və maddə giriş-çıxışı olan termodinamik sistemdir. Təkamülçülər də dünyanın açıq sistem olduğunu, günəşdən daima gələn enerji axınına məruz qaldığını, ona görə də entropiya qanununun dünyaya aid olmadığını və nizamsız, sadə, cansız formalardan nizamlı, kompleks canlıların əmələ gəldiyini irəli sürürlər.
Halbuki burada həqiqət açıq-aşkar təhrif edilmişdir. Çünki bir sistemə kənardan enerji daxil olması o sistemi nizamlı hala salmaq üçün kifayət deyil. Bunun üçün xam enerjini istifadəyə yararlı hala salacaq xüsusi mexanizmlər lazımdır. Məsələn, bir avtomobilin benzindəki enerjini işə salması üçün motora, ötürücü sistemlərə və onları idarə edən tənzimləyici mexanizmlərə ehtiyac var. Belə bir enerji çevirən sistem olmasa, avtomobilin benzindəki enerjidən istifadə etməsi mümkün olmaz.
Eyni vəziyyət canlılara da aiddir. Canlıların enerjini günəşdən aldığı doğrudur. Lakin günəş enerjisi ancaq canlılardakı qeyri-adi dərəcədəki kompleks enerji çevirmə sistemləri (məsələn, bitkilərdəki fotosintez, insan və heyvanlardakı həzm sistemləri) sayəsində kimyəvi enerjiyə çevrilir. Məsələn, mədəsi və bağırsaqları olmayan insan ən kalorili qidaları da yesə, bu qidalardakı enerjidən istifadə edə bilməz və ölər. Bu cür enerji çevirmə sistemləri olmasa, heç bir canlı yaşaya bilməz. Günəş də enerjini çevirmə sistemi olmayan canlı və ya cansız varlıq üçün yandırıcı, məhv edici və parçalayıcı enerji mənbəyidir.
Göründüyü kimi, hər hansı enerji çevirən mexanizmi olmayan bir sistem açıq və ya qapalı da olsa, təkamül üçün heç bir üstünlüyü yoxdur. İbtidai dünya şərtlərində təbiətdə bu cür kompleks və şüurlu mexanizmlərin olduğunu isə heç kim iddia etmir. Onsuz da, təkamülçülər üçün buradakı əsas problem bitkilərdəki fotosintez mexanizmi kimi müasir texnologiya tərəfindən belə təqlid edilə bilməyən kompleks enerji çevirmə mexanizmlərinin necə ortaya çıxdığı sualından ibarətdir.
İbtidai dünyaya kənardan daxil olan günəş enerjisinin də canlılardakı kompleks molekul və formaları, mütəşəkkil bioloji sistemləri meydana gətirən təsiri yoxdur. Habelə istilik nə qədər artır-artsın, aminturşular nizamlı ardıcıllıqlarla rabitə qurmağa müqavimət göstərir. Aminturşularının daha mürəkkəb molekullar olan zülalları, zülalların da daha kompleks və planlı formalar olan hüceyrə orqanoidlərini əmələ gətirməyi üçün təkcə enerji kifayət etməz.
İqtibaslar:
- <368-