20-ci əsrdəki nəticəsiz səylər
20-ci əsrdə həyatın mənşəyi mövzusunu tədqiq edən ilk təkamülçü məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrəsinin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq bu işlər müvəffəqiyyətsizliklə nəticələnəcək və Oparin bu etirafı etmək məcburiyyətində qalacaqdı:
Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsinin tamamını əhatə edən ən qaranlıq nöqtəni meydana gətirir. (Alexander I. Oparin, Origin of Life, (1936) New York, Dover Publications, 1953 (Reprint), səh. 196)
Oparinin yolunu izləyən təkamülçülər həyatın mənşəyi mövzusunu həll edəcək təcrübələr aparmağa çalışdılar. Bu təcrübələrin ən məşhuru amerikalı kimyaçı Stanley Miller tərəfindən 1953-cü ildə təşkil edildi. Miller ibtidai Yer atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə qurğusunda birləşdirib və bu qarışığa enerji əlavə edib zülalların quruluşunda istifadə edilən bir neçə orqanik molekul (aminoasid) sintez etdi.
O illərdə təkamül adına əhəmiyyətli bir mərhələ kimi tanıdılan bu təcrübənin əsaslı olmadığı və təcrübədə istifadə edilən atmosferin həqiqi dünya şərtlərindən çox fərqli olduğu növbəti illərdə ortaya çıxacaqdı. ("New Evidence on Evolution of Early Atmosphere and Life", Bulletin of the American Meteorological Society, c. 63, noyabr 1982, səh. 1328-1330)
Uzun sürən səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi. (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7)
Həyatın mənşəyi problemini açıqlamaq üçün 20-ci əsr boyu aparılan bütün təkamülçü səylər davamlı olaraq müvəffəqiyyətsizliklə nəticələndi. San-Dieqo Skrips İnstitutundan məşhur geokimyaçı Cefri Bada təkamülçü “Earth” jurnalında 1998-ci ildə nəşr olunan bir məqalədə bu həqiqəti belə qəbul edir: Bu gün 20-ci əsri geridə qoyarkən hələ 20-ci əsrə girdiyimizdə sahib olduğumuz ən böyük həll edilməmiş problemlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başladı. (Jeffrey Bada, Earth, fevral 1998, səh. 40)