Yaradılış bir möcüzədir
Bəzi müsəlmanların Allah`ın istədiyi anda istədiyini yaratma və yox etmə gücünə etinasız yanaşmaları təkamül fikrinə etibar etmələrində əhəmiyyətli rol oynayır. Müsəlman təkamülçülər təbiət qanunlarının sabit və dəyişməz olduğu və heç bir hadisənin təbiət qanunlarından kənar baş vermədiyini söyləyən “naturalist” ehkamın təsiri altında qalırlar. Halbuki, bu çox böyük aldanışdır. Çünki “təbiət qanunları” dediyimiz anlayışlar Allah`ın maddəni müəyyən bir nizamla yaratmasından və onu qorumasından qaynaqlanır. Bunlar maddənin özündən qaynaqlanmırlar. Müsəlman təkamülçülər Darvinistlərin təməl fikri olan naturalist ideologiyanın təsiri altında olduqları üçün canlıların və insanın mənşəyini də təbiət qanunlarına əsasən izah etməyə çalışırlar.
Allah`ın canlıları təbiət qanunları ilə məhdudlanmış yaradılış ilə yaratdığını düşünür, buna görə də mutasiya, təbii seleksiya kimi anlayışlardan istifadə edərək bir növün digər növə çevrilməsi yolu ilə yaradılış olduğunu zənn edirlər. Halbuki, bir müsəlmanın “naturalist” məntiqə qapılması olduqca yanlış hərəkət olar, çünki Quranın bir çox ayəsində bildirilən möcüzələr bu məntiqin yanlış olduğunu açıq şəkildə göstərir.
Quranın bu mövzu ilə əlaqəli ayələrinə baxdıqda canlıların və insanın təbiət qanunları ilə deyil, möcüzəvi şəkildə yaradılış ilə yaradıldığını görürük. Allah canlıların yaradılışını bu cür açıqlayır:
"Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir." (Nur surəsi, 45)
Ayədə quruda yaşayan əsas canlı qruplarına (sürünənlər, quşlar və məməlilər) diqqət çəkilir və Allah`ın bunları sudan yaratdığı bildirilir. Diqqət edilməlidir ki, bu canlı qrupları təkamül nəzəriyyəsinin iddia etdiyi kimi “bir-birilərindən” deyil “sudan” yaradılmışlar. Yəni ortaq maddədən. Allah onların hər birini müxtəlif cür formalaşdıraraq ayrı-ayrı yaratmışdır.
Bu ortaq maddənin su olması indiki dövrdə elmi nəticələrlə bir daha məlum olmuşdur. Su dünyadakı hər canlının orqanizmində ən əsas ünsürdür. Məməlilərin orqanizminin təxminən 70%-i sudur. Hər bir canlı orqanizmindəki su vasitəsi ilə hüceyrə içi, hüceyrələr arası və toxumalar arası əlaqəni təmin edir. Su olmadan canlılığın olmayacağı hər kəs tərəfindən qəbul edilən bir həqiqətdir.