Sənaye inqilabı kəpənəklərinin gerçək əhvalatı
Təkamülçü mənbələrə nəzər saldıqda İngiltərədəki sənaye inqilabı dövrü kəpənəklərinin təbii seçmə ilə təkamül keçirmə tezisinə nümunə göstərildiyini görmək olar. Dərsliklərdə, jurnallarda, hətta akademik mənbələrdə bu mövzu təkamülün ən aydın və müşahidə edilmiş nümunəsi kimi təqdim edilir.
Lakin əslində bu nümunənin təkamüllə heç bir əlaqəsi yoxdur. Əvvəlcə, bu nümunəni qısa şəkildə təsvir edək: deyilənə görə, İngiltərədə sənaye inqilabı dövrünün başladığı illərdə Mançester ərazisindəki ağacların qabıqları açıq rəngli idi. Ona görə bu ağacların üstünə qonan tünd rəngli güvə kəpənəklərini quşlar tez görür və yaşama ehtimalları azalırdı. Lakin əlli il sonra sənaye tullantıları nəticəsində ağacların üstündəki açıq rəngli yosunların ölməsi ilə qabıqları tündləşir və buna görə, bu dəfə də açıq rəngli güvələri quşlar daha çox yeməyə başlayır. Nəticədə açıq rəngli kəpənəklər sayca azalır, tünd rənglilər isə nəzərə çarpmadığına görə çoxalır.
Yuxarıda, sənaye inqilabıdan əvvəlki, altda isə sonrasındakı ağaclar və kəpənəklər görsənir. Ağacların rəngi tündləşdiyi üçün , açıq rəngli kəpənəklər quşlar tərəfindən daha asan ovlanmış və sayları azalmışdır. Ancaq bu bir təkamıl deyildir, çünki yeni növ əmələ gəlməmiş, sadəcə var olan növlərin sayları azalmışdı. |
Bu hadisə təbii seçmə ilə təkamül nəzəriyyəsinin böyük dəlili hesab edilir, açıq rəngli kəpənəklərin zaman ərzində tünd rəngli kəpənəklərə çevrilib təkamül keçirməsi şəklində səhv dəyərləndirilir.
Lakin bu nümunənin doğru olması fərz edilsə belə, təkamül nəzəriyyəsinə dəlil deyil. Çünki baş verən təbii seçmə daha əvvəl təbiətdə mövcud olmayan yeni növ meydana gətirməmişdir. Sənaye inqilabından əvvəl də kəpənək populyasiyası daxilində qara fərdlər var idi. Lakin mövcud olan kəpənək növlərinin sayı dəyişmişdir. Kəpənəklər “növ dəyişikliyi” istiqamətində yeni orqan və ya xüsusiyyət qazanmamışdılar.13Lakin bir kəpənəyin başqa canlı növünə, məsələn, bir quşa çevrilməsi üçün kəpənəyin genlərində saysız-hesabsız dəyişiklik, əlavə və əksiltmələr edilməli, başqa sözlə, kəpənəyin geninə quşun fiziki xüsusiyyətlərinə aid məlumatları ehtiva edən tamamilə ayrı genetik proqram yüklənməlidir.
Sənaye kəpənəkləri ilə bağlı təkamülçü hekayəyə verilən ümumi cavab belədir. Ancaq mövzunun daha da maraqlı tərəfi var: hekayənin sadəcə şərhi deyil, özü də səhvdir. Molekulyar bioloq Conatan Uelzin 2000-ci ildə nəşr edilən “Təkamül bütləri” (İcons of evolution) adlı kitabında açıqladığı kimi, demək olar ki, hər təkamül tərəfdarı biologiya kitabında verilən və bu səbəbdən “bütə” çevrilmiş sənaye inqilabı kəpənəkləri hekayəsi həqiqətləri əks etdirmir. Uelz hekayənin “təcrübi dəlili” kimi məlum olan Bernard Ketlvelin elmi fəaliyyətinin əslində elmi qalmaqal olduğunu izah edir. Bu qalmaqalın bəzi təməl ünsürlərini belə sıralamaq olar:
- Ketlvelin təcrübələrindən daha sonra aparılan bir çox araşdırma sözügedən kəpənəklərin sadəcə bir növünün ağacın gövdəsinə qonduğunu, digər bütün növlərin üfüqi budaqların alt hissələrinə qonduğunu üzə çıxardı. 1980-ci ildən etibarən kəpənəklərin ağac gövdələrinə çox nadir hallarda qonduğu hər kəs tərəfindən qəbul edildi. Bu mövzuda 25 il tədqiqat aparan Siril Klark, Rouri Haulet, Maykl Macerus, Toni Libert, Pol Breykfild kimi bir çox elm adamı “Ketlvelin təcrübəsində kəpənəklərin təbii davranışlarından fərqli davranmağa məcbur edildiklərini, təcrübə nəticələrinin buna görə elmi cəhətdən qəbul edilməyəcəyini” bildirdilər.14
- Ketlvelin təcrübəsini təhlil edən tədqiqatçılar daha da təəccüblü nəticə ilə qarşılaşdılar: İngiltərənin çirklənməmiş ərazilərində açıq rəngli kəpənəklərin daha çox olması gözlənilərkən tünd rənglilər açıq rənglilərdən dörd dəfə çox idi. Yəni Ketlvelin iddia etdiyi və dərhal hər təkamülçü mənbədə təkrarlandığı kimi kəpənəklərin sayı ilə ağac qabıqları arasında heç bir əlaqə yox idi.
- Məsələnin əsli araşdırıldıqca qalmaqal böyüdü: Ketlvel tərəfindən fotoşəkilləri çəkilən “ağac qabığı üzərindəki güvə kəpənəkləri” əslində ölü kəpənəklər idi. Ketlvel bu ölü canlıları iynə və yapışqanla ağaca yapışdırmış və o cür şəkillərini çəkmişdi. Əslində kəpənəklər ağac gövdəsinə deyil, budaqların alt hissəsinə qonduqları üçün belə bir rəsm əldə etmə ehtimalı demək olar ki, yox idi.15
Bu həqiqətlər 90-cı illərin sonlarında elm dünyası tərəfindən üzə çıxarıldı. On illər boyu “təkamülə giriş” dərslərinin ən böyük materialı olan sənaye kəpənəkləri əfsanəsinin bu şəkildə puça çıxması təkamülçülər arasında ümidsizliyə səbəb oldu. Onlardan biri olan Ceri Koyn belə deyirdi:
Həqiqəti (xallı kəpənəklər saxtakarlığını) öyrəndikdə verdiyim reaksiya 6 yaşımda ikən yeni il hədiyyələrimi şaxta babanın deyil, atamın gətirdiyini öyrəndikdə keçirdiyim ümidsizlik hissi oldu.16
Beləliklə, “təbii seçmənın ən məşhur nümunəsi” də bir elm qalmaqalı kimi tarixə düşdü.
Şübhəsiz, bunun nəticəsinin belə olması labüd idi. Çünki təbii seçmə təkamülçülərin iddiasının əksinə olaraq “təkamül mexanizmi” deyil, bir canlıya hər hansı orqan əlavə etmə və ya orqan əksiltmə, bir növü başqa növə çevirmə kimi xüsusiyyətlərə malik deyil. Darvindən dövrümüzə qədər bu mövzuda irəli sürülən ən böyük “dəlil” İngiltərədəki sənaye inqilabı kəpənəkləri hekayəsindən başqa bir şey deyil.
Təbii seçmə kompleksliyi nə üçün açıqlaya bilmir?
Əvvəldə də dediyimiz kimi, təbii seçmə ilə təkamül nəzəriyyəsinin ən böyük müəmması təbii seçmə vasitəsilə canlıların yeni orqanlar və xüsusiyyətlər qazanmamasıdır. Təbii seçmə yolu ilə bir növün genetik məlumatı təkmilləşmir və beləliklə də, yeni növlərin əmələ gəlməsi açıqlana bilməz. Harvard Universitetindən paleontoloq Stefen C.Quld təbii seçmənın düşdüyü bu çıxılmaz vəziyyəti belə izah edir:
Darvinizmin əsası bir cümlə ilə ifadə edilə bilər: “Təbii seçmə təkamül xarakterli dəyişikliyin yaradıcı gücüdür”. Kimsə seçmənın uyğun olmayanı aradan çıxarmasındakı neqativ rolunu inkar etmir. Ancaq darvinist nəzəriyyə “uyğun olanı yaratmasını” da istəyir.17
Təbii seçmə məsələsində istifadə edilən yanıldıcı üslublardan biri də bu mexanizmin şüurlu dizayner kimi başa düşülməsidir. Lakin əslində təbii seçmənın şüuru yoxdur. Canlılar üçün nəyin yaxşı, nəyin pis olduğunu ayırd edəcək ağıla sahib deyil. Bu səbəbdən təbii seçmə kompleks quruluşa malik sistemlərin və orqanların necə mövcud olduqlarını heç vaxt açıqlaya bilməz. Sözügedən sistem və orqanlar bir çox hissənin birlikdə fəaliyyət göstərməsi ilə əmələ gəlir və bu hissələrdən tək biri olmasa və ya qüsurlu olsa, heç bir işə yaramazlar. Bu cür sistemlər “sadələşdirilməz komplekslik” kimi tərif edilən xüsusiyyətə malikdir. Məsələn, insan gözünün quruluşu sadələşdirilə bilməz, çünki bütün detalları ilə birlikdə mövcud olmadıqca öz funksiyasını yerinə yetirməz.
Bu cür sistemi meydana gətirən şüur gələcəyi əvvəlcədən hesablayıb sadəcə ən son mərhələdə nail olunacaq faydanı əldə etmək üçün qarşısına məqsəd qoymalıdır. Təbii seçmə isə şüur və iradəyə malik mexanizm olmadığı üçün belə bir şey edə bilməz. Bu həqiqət “bir-birinin ardınca çox sayda kiçik dəyişikliklərlə kompleks orqanın əmələ gəlməsinin qeyri-mümkün olması göstərilsə, nəzəriyyəmin tamamilə mənasız olduğu sübut ediləcək” deyən Darvinin narahat olduğu kimi, təkamül nəzəriyyəsini süqut uğratdı.18