Neodarvinizmin səyləri
Darvinizm ilə genetika elmini birtəhər uyğunlaşdırmağı qarşısına məqsəd qoyan bir qrup elm adamı 1941-ci ildə Amerika Geologiya Dərnəyinin təşkil etdiyi bir yığıncaqda toplandılar. G.Ledyard Stebbins və Teodosius Dobjanski kimi genetiklərin, Ernst Mayr və Culian Haksley kimi zooloqların, Corc Qeylord Simpson və Qlen L.Cepsen kimi paleontoloqların uzun müzakirələrdən sonra gəldiyi nəticə darvinizmə yeni forma vermək oldu.5
Bu şəxslər genetika qanunlarının ortaya qoyduğu “genetik sabitlik” həqiqətinə qarşı hollandiyalı botanik Hüqo de Vries tərəfindən əsrin əvvəlində irəli sürülən “mutasiya” anlayışından istifadə etdilər. Mutasiyalar məlum olmayan səbəblərdən canlıların irsiyyət mexanizmlərində meydana gələn pozuntular idi. Mutasiya keçirən canlılar valideynlərindən aldıqları genetik məlumatdan başqa bəzi anormal formalara malik olurdular.
Amerika Geologiya Dərnəyində toplanan elm adamları bu mutasiya anlayışını mənimsədilər və Darvinin Lamarka əsaslanaraq cavablamağa çalışdığı “canlıları inkişaf etdirən faydalı dəyişikliklərin mənbəyi nədir?” sualına “təsadüfi mutasiyalar” cavabını verdilər. Darvinin təbii seçmə tezisinə mutasiya anlayışının əlavə edilməsiylə ortaya çıxan bu yeni nəzəriyyəyə də “Müasir sintetik təkamül nəzəriyyəsi” adını verdilər. Qısa müddət ərzində bu yeni nəzəriyyə neodarvinizm kimi tanındı və nəzəriyyəni irəli sürənlər də neodarvinistlər kimi tanındılar.
Ancaq mühüm bir problem var idi: mutasiyaların canlıların genetik məlumatını dəyişdirməsi doğru idi, lakin bu dəyişiklik daima mənfi təsir edirdi. Müşahidə edilən bütün mutasiyalar şikəst, xəstə, zəif fərdlər ortaya çıxarır, bəzən də birbaşa ölümə səbəb olurdular. Ona görə də neodarvinistlər çoxlu təcrübə və müşahidə aparıb canlıların genetik məlumatını təkmilləşdirən “faydalı mutasiya” nümunələri əldə etməyə çalışdılar. Meyvə milçəkləri və digər bəzi növlər üzərində on illərlə davam edən mutasiya təcrübələri keçirildi. Ancaq bu təcrübələrdə heç vaxt mutasiyaların canlıların genetik məlumatını təkmilləşdirməsi faktı müşahidə edilmədi.
Bu gün mutasiya məsələsi hələ də darvinizm üçün böyük müəmmadır. Darvinizmin “faydalı dəyişikliklərin” yeganə mənbəyi kimi göstərdiyi mutasiyaların sözün əsl mənasında heç bir faydalı nümunəsi müşahidə edilməmişdir. Bu mövzunu daha sonrakı bölmədə təfərrüatı ilə araşdıracağıq.
Neodarvinist nəzəriyyəni çıxılmaz vəziyyətə salan digər sahə isə fosillər oldu. Fosillər Darvin dövründə belə nəzəriyyənin qarşısında böyük maneə olmuşdu. Darvin nəzəriyyəsini dəstəkləyən “ara növ” canlılara aid fosillərin olmadığını qəbul etmiş, lakin yeni araşdırmalar nəticəsində bu fosillərin tapılacağını irəli sürmüşdü. Ancaq hər cür paleontoloji səyə baxmayaraq, fosillər nəzəriyyənin qarşısında böyük maneə olmağa davam edirdi. Darvinin dövründə nəzəriyyəni dəstəkləyən və böyük dəlil hesab edilən “rudiment orqanlar”, “embrioloji rekapitulyasiya” və “homologiya” kimi məfhumlar da yeni elmi kəşflər qarşısında bir-bir əsasını itirdi. Bütün bu mövzuları kitabın sonrakı bölmələrində hərtərəfli şəkildə təhlil edəcəyik.