Atmosferin heyrətamiz ayırdedici xüsusiyyəti
Günəş şüalarının yer üzündəki həyat üçün xüsusi yaradıldığı kimi, bu şüaların ideal ölçülərdə yer üzünə çatmasında da çox mühüm amil rol oynayır: atmosfer.
Kosmosdan gələn şüalar Yer səthinə çatmaq üçün atmosferdən keçməlidirlər.
Əgər atmosfer keçirici xüsusiyyətdə olmasaydı, əlbəttə, bu şüaların bizə heç bir faydası olmazdı. Ancaq atmosferimiz bu faydalı şüaların keçməsinə imkan verən quruluşdadır.
Maraqlısı budur ki, atmosfer yalnız bu şüaların keçməsinə izin verir. Çünki atmosfer həyat üçün lazım olan görünən işığı və yaxın infraqırmızı şüaları keçirir, həyat üçün təhlükəli digər şüaların keçməsinə mane olur. Yəni atmosfer Günəşdən başqa mənbələrdən Yerə gələn kosmik şüalara qarşı bir növ süzgəc funksiyası yerinə yetirir. Professor Maykl Denton bunu belə açıqlayır:
Atmosfer qazları görünən işıq və yaxın infraqırmızı şüadan başqa bütün digər şüaları udur. Diqqət edək, atmosfer elektromaqnit dalğaları şkalasının çox geniş alternativləri içərisindən ancaq görünən işıq və yaxın infraqırmızı şüaların keçməsinə imkan verir. Qamma, ultrabənövşəyi və mikrodalğalı şüalar, demək olar ki, Yer səthinə çatmır. (Michael Denton, Nature’s Destiny, s. 55)
Burada atmosferin mükəmməl quruluşunu görməmək mümkün deyil. Günəş 1025-də 1 ehtimalın arasından sadəcə bizə faydalı olan şüaları göndərir, atmosfer də ancaq bu şüaları keçirir. (Günəşin göndərdiyi çox az sayda yaxın ultrabənövşəyi şüaların böyük hissəsi də ozon təbəqəsində udulur).
Maraqlısı budur ki, su da eynilə atmosfer kimi seçib ayırd etməklə keçiricilik xüsusiyyətinə malikdir. Suyun içində yayılan şüalar ancaq görünən işıqdır. Atmosferdən keçən (və istilik verən) yaxın infraqırmızı şüalar suyun içində ancaq bir neçə millimetr irəliləyir. Ona görə, Yer kürəsindəki dənizlərdə sadəcə suyun səthindəki bir neçə millimetrlik təbəqə Günəş şüaları ilə isinir. Bu istilik aşağıya doğru pilləli şəkildə ötürülür. Beləliklə, müəyyən dərinlikdən sonra Yerdəki bütün dənizlərin temperaturu bir-birinə çox yaxın olur. Bu isə dənizlərdəki həyat üçün uyğun mühit formalaşdırır.
Atmosferin yalnız bizim üçün faydalı şüaları keçirib zərərli şüaların qarşısını alması qeyri-adi ayırdedici xüsusiyyətidir. Canlıların həyatına uyğun bu cür ayırdedici xüsusiyyət qüsursuz yaradılışın əsəridir.
Həm atmosfer, həm də su yalnız bizim həyatımız üçün faydalı olan şüaların keçməsinə izin verir. Uzaq ulduzlardan gələn hər cür zərərli kosmik şüalar mükəmməl dizayn olunmuş bu filtrdən keçə bilmir.
Bütün bunlar çox mühüm həqiqətlərdir. İşıqla bağlı hər hansı fiziki qanunu təhlil etsək, hər şeyin həyat üçün məhz lazımi xüsusiyyətdə olduğunu görərik. Britannika Ensiklopediyasındakı bir izah bunun nə qədər qeyri-adi vəziyyət olduğunu göstərir:
“Yerdəki həyatın müxtəlif cəhətləri üçün görünən işığın nə qədər əhəmiyyətli olduğunu düşündükdə atmosfer və suyun işıq keçiriciliyinin bu qədər dar intervala yerləşdirilməsinə insan təəccüblənməyə bilmir”. (Encyclopaedia Britannica, 1994, 15th ed., 18-ci cild, s. 203)
Yuxarıda da ifadə edildiyi kimi, atmosferin və suyun işıq keçiriciliyinin məhz canlılar üçün lazımi şəkildə olması möcüzəvidir. Ancaq burada qeyd etməliyik ki, bəzi insanlar bu qüsursuz müvazinətin təsadüfən əmələ gəldiyini, atmosferin və suyun keçiricilik dərəcələrini özlərinin tənzimlədiyini zənn edirlər. Əlbəttə, nə su, nə atmosfer, nə də kainatdakı hər hansı şüursuz varlıq belə möhtəşəm müvazinəti qura bilər. Təsadüf adlanan kortəbii proseslərin bu qədər dəqiq hesablamalar apararaq hər şeyi bir-birinə uyğun əmələ gətirməsi əsla mümkün deyil.
Kainatda və Yer kürəsindəki hər fiziki qanunda, hər müvazinətdə və sistemdə qüsursuz nizam var. Üstəlik, insanlar yüz min illərdir bu möcüzəvi hadisələrdən xəbərsiz yaşayıblar, hələ yeni-yeni kainatdakı ehtişamın təfərrüatlarını öyrənməyə başlayıblar. Yer üzündəki yeganə ağıllı varlıq olan insanın qavrayışından üstün olan bu möcüzəvi incəliklər Yaradanın varlığının dəlilləridir.
Məhz buna görə, bu ehtişama baxıb Allah`ın varlığını görməyən, Onun sonsuz ağlını və elmini təqdir etməyən, Allah`ın hər şeyin hakimi olduğunu və hər şeyi yenidən yaratmağa qadir olduğunu qavramayan insanların mövcudluğu təəccüblüdür.