5-ci xəta:İlk insanın mərhələ-mərhələ yaradıldığı xətası
Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. (Sad surəsi, 71)
Təkamüllə yaradılma ilə bağlı digər yanılma isə yenə ayədə keçən bir ifadənin yanlış şərh olunması nəticəsində ortaya çıxır. Ayədə altından xətt çəkilən ifadə “palçıqdan bir insan yaradıram” kimi tərcümə edilib və burada guya təkamül prosesi ilə yavaş-yavaş yaradılışa işarə edildiyi iddia edilir. Ancaq ayənin ərəbcəsi bu cür tərcümənin şəxsi izah və təhrif olduğunu açıq şəkildə ortaya qoyur:
"İnni halikun beşeren min tın." = “Mən palçıqdan bir insan yaradanam.”
Bu ayədə “yaradıram” ifadəsindən istifadə olunmayıb. Ayənin davamında “Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” deyə bildirilir və buradan da “yaratma” feilinin bir anda olub bitdiyi anlaşılır.
Belə ki, İslam alimləri də bu ayəni “yaradıram” kimi tərcümə etməyiblər. Məsələn, Süleyman Atəş təfsirində ayəni belə açıqlayıb:
“Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam.”
Allah palçıqdan bir insan yaradacağını mələklərə söyləmiş, palçığı insan şəklində düzəltmiş və ona Öz ruhundan üfürdükdən sonra mələklərə insana səcdə etmələrini əmr etmişdir. Bütün mələklər səcdə etmiş, yalnız cinlərdən olan İblis özünün atəşdən yaradıldığını, palçıqdan yaradılan insandan daha üstün olduğunu iddia edərək insanların ilk atasına səcdə etməmişdir”.
İbn Təbəri də həmin ayəni “Mən palçıqdan bir insan yaradacağam” kimi tərcümə etmiş və ayəni bu cür təfsir etmişdir:
“...Bir zamanlar Rəbbin mələklərə: Mən palçıqdan bir insan yaradacağam – buyurmuşdu ... Onun yaradılışını tamamladığım, surətini düzəltdiyim, ruhumdan ona üfürdüyüm zaman ona səcdə edin”. 49
Təkamüllə yaradılmanı müdafiə edənlərin insanın mərhələ-mərhələ yaradıldığı ilə bağlı iddialarını dəstəkləmək məqsədi ilə istifadə etdikləri digər bir ayə isə belədir:
Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmişdir. (Səcdə surəsi, 7)
Bu şəxslərin yanlış şərhlərinə görə, altı xətli olan ifadə bir mərhələyə, guya təkamül prosesinə işarə edir. Halbuki burada hansısa bir prosesə işarə edilmir. Allahın yoxdan yaratması sayt boyunca vurğuladığımız kimi, bir çox ayədə geniş izah olunur və heç birində insanın mərhələlərlə yaradıldığı ilə bağlı məna yoxdur. Aşağıdakı ayələrdə də Allahın hər an bir yaratmada olduğu vurğulanır:
Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”. (Nəml surəsi, 64)
Məgər onlar Allahın yaradılmışları əvvəlcə necə xəlq etdiyini, sonra da onları yenidən təkrarladığını görmürlərmi? Həqiqətən, bu, Allah üçün asandır. (Ənkəbut surəsi, 19)
Allah məxluqatı əvvəlcə (heçdən) yaradır, (öldürdükdən) sonra onu (yenidən) dirildir. Bundan sonra isə siz Ona qaytarılacaqsınız. (Rum surəsi, 11)
Allah kainatdakı hər şeyi anbaan yaradır və bu, təkamül demək deyil. Bu da digər iddialar kimi yalandır və Quranda bu iddianın heç bir əsası olmadığı açıq şəkildə anlaşılır. Həmçinin Ömər Nəsuhi Bilmən də bu ayəni “...“O Xaliqi-Hakim torpaqdan, sudan hz. Adəmi yaratdı”.50 İmam Təbəri isə “...Adəmin yaradılmasını palçıqdan başlatmışdı” 51 kimi təfsir edir.
Aşağıdakı ayədəki altından xətt çəkilmiş ifadələr də bəzi müsəlman təkamülçülər tərəfindən guya təkamül prosesinə işarə kimi izah olunur:
Ey insan! Səni öz səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. (İnfitar surəsi, 6-8)
Halbuki bu ayələrdə bildirilən ardıcıllığı təkamül prosesi kimi göstərməyə çalışmaq olduqca yanlışdır. Belə ki, Əlmalılı Həmdi Yazır da təfsirində bu ayəni belə açıqlayır:
“O Rəbbin ki, səni yaratdı. Burada yaratma ifadəsinin bədən və bədən üzvlərini düzəltmə, ölçülü etmə, forma vermə və hissələri birləşdirib əmələ gətirməmişdən əvvəl yaratmaq mənasında olduğu aydındır. Yenə də məlumdur ki, hər nemətin əsası olan var olma insanlara edilən ilk ilahi lütf və mərhəmətdir.
Sonra da sənin bədənini və bədən üzvlərini düzəltdi . “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni insan şəklinə salmışdır.” (Kəhf surəsi, 37) buyurulduğu və daha bir çox ayələrdə bildirildiyi kimi, yaradılışını mərhələlərdən keçirərək ruh üfürüləcək insanlıq səviyyəsinə gətirdi. Bədənini, orqanlarını yaratdı, qüvvət verdi və sənə simmetriya və ölçü verdi. Burada kökü “adl” və “ta'dil" sözlərindən gələn iki qiraət var. İkisi də eyni mənada olan bu sözlər uyğunlaşdırmaq, normal vəziyyətə gətirmək mənalarında olduğuna görə bir az əvvəl qeyd olunan “nizamlama”nın mükəmməlləşdirildiyini ifadə etmək üçün bir neçə formada təfsir edilmişdir.
Mukatildən rəvayət edildiyinə görə, göz, qulaq, əl, ayaq kimi cüt üzvlərin uyğunluğu və detalları anatomiyadan da məlum olduğu kimi, bədənin hər tərəfdən mütənasib və düzgün olduğunu bildirir və bu, “Biz onun barmaq uclarını bərpa etməyə qadirik” (Qiyamət surəsi, 75/4) ayəsində də ifadə edilir. Amma burada insanlığın xüsusiyyətini ifadə edən etibar və dəyər açıq deyildir. 52
Əbu Əli əl-Farisinin yazdığına görə, “sənə ölçü verdi” demək bu mənaların hamısını ifadə edərək “Sənə ən gözəl surət verdi və beləcə, sənə ağıl, fikir və qüdrəti qəbul edəcək qabiliyyəti verib, səni digər canlı və bitkilərə hakim etdi. Səni dünyada heç bir canlının çata bilməyəcəyi yetkinlik səviyyəsinə gətirdi” deyə təfsir edilmişdir və bu, “Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman.” (Hicr surəsi, 29) və “Onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik” (İsra surəsi, 70) mənalarına uyğundur. Bütün bunlar Allahın lütfü və mərhəmətidir.53
Ömər Nəsuhi Bilmən də həmin ayəni belə təfsir edir:
Bəli (O), Kərim Rəbbin ki, səni Adəmdən yaratdı, sənə faydalı, bir-birinə mütənasib orqanlar verdi. Bütün orqanlarına bir ölçü verdi, bədən quruluşuna, qamətinə gözəl müvazinət verdi. 54
İmam Təbəri də “İnfitar” surəsinin 7-ci ayəsində insanın nizamlı şəkildə yaradıldığına işarə edildiyini ifadə edir:
“Ey insan, O Rəbb ki, səni yaratmış, yaradılışını düzgün formada etmiş, səni sağlam, düzgün, doğru şəkildə meydana gətirmişdir. (Yəni səni boyu normal, düzgün nisbətdə, ən gözəl şəkildə tam insan olaraq yaratmışdır) Allah gözəl və ya çirkin olsun, səni dilədiyi kimi meydana gətirmişdir”. 55
Yuxarıdakı açıqlamalardan da göründüyü kimi, ayələrdəki ifadələr olduqca açıq və aydındır. Allahın insanı sağlam, düzgün formada və tam yaratdığı bildirilir. Belə ki, buna bənzər ifadələr bir çox ayələrdə də vardır. Məsələn, “Səcdə” surəsində belə buyurulur:
Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz? (Səcdə surəsi, 9)
Bu ayədə əvvəlcə yaradılma ifadəsindən istifadə edilmiş, daha sonra da göz, qulaq və ürək verdiyi bildirilmişdir. Beləliklə, ayədə bu mərhələlərin hər birinin eyni anda olduğu, yəni insanın göz, qulaq və qəlbi ilə birlikdə bir anda yaradıldığı xəbər verilir. Bu ayələrin insanın təkamüllə yaradılmasına işarə etdiyini iddia etmək isə olduqca yanlışdır. Belə ki, bu ayə də bütün İslam alimləri tərəfindən eyni cür təfsir edilir. Məsələn, İmam Təbəri belə açıqlayır:
“...Sonra insanı tam canlı olaraq düzgün şəkildə meydana gətirmiş, ondan sonra da ona ruhundan üfürmüş, beləcə, o, danışan canlı olmuşdur... Səsləri eşitməyimiz üçün qulaqlar, insanları görə bilməyimiz üçün gözlər, yaxşını və pisi tanıya bilməyimiz üçün ürəklər vermişdir ki, bu lütfünə görə Ona şükür edəsiniz...” 56
Ömər Nəsuhi Bilmən isə ayəni “O Xaliqi Kərim yaratmağa başladığı bütün insan nəslinin hər birini yaratdı, onun bədənini ana rəhmində ikən tamamladı və ona Öz ruhundan üfürdü, yəni ona həyat verdi, yaşama gücü verdi... O Xaliqi Kərim (sizin üçün eşitməyi) elə faydalı bir nemət etdi ki, onun sayəsində söylənilən sözləri, gözəl səsləri eşidir, dinləyirsiniz və sizin üçün (gözləri, könülləri yaratdı) gözlərinizlə ətrafınızdakı hər şeyi görürsünüz, könüllərinizlə yaxşı, pis olanları qavrayır və təqdir edə bilirsiniz. Bunların hər biri nə böyük İlahi lütfdür.” 57 şəklində izah etmişdir.